AZ

"Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir hüquqi əsası yoxdur"

Milli Məclisin deputatı Kamran Bayramov payız sessiyasının növbəti plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni kəskin tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Avropa Parlamenti növbəti dəfə Azərbaycanın daxili işlərinə yönəlmiş, hüquqi əsası olmayan, qərəzli və siyasiləşmiş addım atıb. Onun sözlərinə görə, dünən Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib və qətnamə qəbul olunub:

“Əgər buna qətnamə demək olarsa, bu, sadəcə kağız parçasıdır”.

Kamran Bayramov qeyd edib ki, Avropa Parlamenti illərdir demokratiya, insan hüquqları və qanunun aliliyi pərdəsi altında Azərbaycana təzyiq göstərməyə çalışır. Deputat vurğulayıb ki, bu yanaşmanın arxasında anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə, regionda artan nüfuzuna və sülh gündəliyinə qarşı apardığı kampaniya dayanır.

Deputat qətnamədə yer alan iddiaların tamamilə uydurma və yalan məlumatlara əsaslandığını bildirib:

“Azərbaycanda qanunun aliliyi tam təmin olunur və heç kim peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə təqib edilmir. Cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsini repressiya kimi təqdim etmək beynəlxalq hüquqa və müstəqil məhkəmə sistemimizə hörmətsizlikdir”.

Kamran Bayramov Avropa Parlamentində son illərdə baş vermiş korrupsiya qalmaqallarına da toxunaraq bildirib ki, bu faktlar qurumun mənəvi iflasının göstəricisidir. Onun sözlərinə görə, Avropa Parlamentindəki rüşvət və siyasi alver halları ikili standartların açıq nümunəsidir.

Deputat qeyd edib ki, daxili korrupsiya problemlərini həll edə bilməyən bir qurumun digər dövlətləri ittiham etməsi riyakarlıqdır və Avropa Parlamentinin Azərbaycana nəyisə diktə etməyə haqqı yoxdur.

Kamran Bayramov sonda vurğulayıb ki, Avropa Parlamentinin qəbul etdiyi saxta və qərəzli qətnamələr Azərbaycanın mövqeyinə və müstəqil siyasətinə heç bir təsir göstərə bilməz.

Afət ZİYADQIZI

Seçilən
67
2
operativmm.az

3Mənbələr