Bakı, 19 dekabr, AZƏRTAC
Hindistanın Banqladeşdəki səfirinin köməkçisi cümə günü gecə saatlarında Dəkkədəki iqamətgahına hücum nəticəsində yaralanıb.
AZƏRTAC xəbər verir ki, “The Indian Express” qəzetinin məlumatına görə, diplomat evini mühasirəyə alan etirazçıların daş atması nəticəsində xəsarət alıb. Polis dəyənək və gözyaşardıcı qazdan istifadə edərək etirazçıları binadan uzaqlaşdırıb.
Çittaqonq şəhərində isə etirazçılar Hindistan konsulluğunu mühasirəyə alaraq onun fəaliyyətini iflic ediblər. Həmçinin Hindistan əleyhinə etirazlar bu ölkənin Dəkkə, Kxulna və Radjahi şəhərlərindəki konsulluqlarının müvəqqəti bağlanmasına səbəb olub. Vandalizm aktlarının qarşısını almaq üçün Banqladeş paytaxtına əlavə polis qüvvələri yerləşdirilib.
Bir müddət öncə nümayişçilər Benqal mədəniyyət təşkilatının, “Daily Star” və “Prothom Alo” qəzetlərinin redaksiyalarını yandırıb və “Xalq Liqası” partiyasının ofisini buldozerlə dağıdıblar.
Qeyd edək ki, Banqladeşin paytaxtında və digər şəhərlərində kütləvi etirazlar gənc siyasi fəal Şərif Osman Hadinin dekabrın 12-də Dəkkədə sui-qəsd nəticəsində öldürülməsindən sonra başlayıb. Hindistanın Banqladeşin daxili siyasətindəki təsirinə qarşı çıxan 32 yaşlı Hadi 2024-cü ildə hökumət əleyhinə etirazların liderlərindən biri olub.