AZ

“Əhaliyə 85 milyondan çox tibbi xidmət göstərilib” - YENİLƏNİB

“2025-ci ilin yanvar-noyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb”.

"Cebheinfo.az" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

“Hesabat dövründə pasiyent sayı 5 milyon 164 min 745 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artım deməkdir. Ümumi müraciətlərin sayı 5 faiz, stasionar tibbi xidmətlər 6 faiz, ambulator xidmətlərin sayı isə 14 faiz artıb. Ümumilikdə 85 milyon 637 min 469 tibbi xidmət göstərilib. Bu göstərici 2024-cü illə müqayisədə 13 faiz artıb. Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib”.

İcraçı direktor əlavə edib ki, fizioterapiya xidmətləri üzrə 1 milyon 242 min 334 xidmət, ilkin tibbi-sanitariya yardımı üzrə 5 milyon 8 min 442 xidmət göstərilib:

“Xüsusilə diqqətçəkən sahələrdən biri invaziv radioloji xidmətlər (angioqrafiya) olub. Bu xidmətlər üzrə 4 min 105 prosedur icra edilib ki, ötən ilə nəzərən 37 faiz artım qeydə alınıb. Laboratoriya xidmətləri üzrə 19 faiz artımla 36 milyon 405 min 17 analiz aparılıb”.

***

Vüqar Qurbanovun sözlərinə görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü illə müqayisədə 11 faiz artım göstərir.

O qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı isə 26 min 285 olub və ötən illə müqayisədə 9 faiz azalıb: “Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3926 olub və bu da əvvəlki illə müqayisədə 6 faiz azalma deməkdir”.

***

"Cebheinfo.az"

Seçilən
59
15
cebheinfo.az

10Mənbələr