Bu gün sosial şəbəkələrin reallığı ondan ibarətdir ki, baxış toplamaq, populyar olmaq və ya şəxsi qisas məqsədi ilə ayrı-ayrı vətəndaşlar hədəfə alınır. Bir video, bir paylaşım və ya məqsədli kampaniya insanın şərəf və ləyaqətinə ciddi zərər vura, onun sosial və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Mövcud mexanizmlər isə bu halların hamısına operativ və effektiv cavab vermək üçün yetərli olmur.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, təqdim olunan dəyişikliklər siyasi məqsəd daşımır. Bu layihə nə siyasi fikirlərin ifadəsinə, nə tənqidə, nə də ictimai müzakirələrə qarşı yönəlib. Layihə yalnız kütləvi şəkildə qeyri-etik, təhqiredici və milli-mənəvi dəyərlərə zidd məzmunun yayılmasına qarşı hüquqi mexanizm yaradır.
Eyni zamanda, layihənin "Arayış" hissəsində də göstərildiyi kimi, sosial platformaların işləmə mexanizmi qeyri-etik və sensasiya xarakterli paylaşımları daha sürətlə geniş auditoriyaya çıxarır. Bu isə xüsusilə yeniyetmələrə və gənclərə mənfi təsir göstərir və cəmiyyətdə davranış modellərini dəyişir.
Bu dəyişikliklər cəzalandırıcı yox, preventiv xarakter daşıyır. Məqsəd qorxutmaq deyil, məsuliyyət formalaşdırmaq, informasiya mühitində sağlam balans yaratmaqdır. İfadə azadlığı qalmalıdır, amma bu azadlıq başqasının ləyaqətinə və hüquqlarına zərər hesabına olmamalıdır.
Hesab edirəm ki, layihə dövrün çağırışlarına uyğundur, hüquqi boşluğu aradan qaldırır və cəmiyyətin mənəvi təhlükəsizliyinin qorunmasına xidmət edir".