AZ

Yeni cərimələr gəlir - İnzibati həbs də olacaq

Əkin yerinin yandırılmasına görə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə yeni cərimələr, inzibati həbs müəyyənləşir.

Missiya.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir və ya İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

***

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə də cərimə müəyyənləşir.

Layihəyə əsasən, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunun 17.3-cü maddəsinə uyğun olaraq binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən yeni - 17.3-cü maddədəyə əsasən, dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci maddəsində göstərilən reklam qurğuları və həmin məcəlləsinin 89.1-ci maddədə göstərilən ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq.

Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.

Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Seçilən
29
25
missiya.az

10Mənbələr