AZ

ABŞ Ayda baza yaradacaq | kosmosda rəqabət güclənir

AzVision.az xəbər verir ki, belə iddia ABŞ prezidenti Donald Trampın Ağ Evin saytında dərc edilmiş fərmanından irəli gəlir.

Sənədə əsasən, 2030-cu ilə qədər NASA-nın (ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi) “Artemida” proqramı çərçivəsində Yerin peykində daimi Amerika bazası yaradılmalı və nüvə reaktoru yerləşdirilməlidir.

Bu məqsədlə Tramp administrasiyası qarşıdakı üç il ərzində ABŞ-nin kosmos sektoruna 50 milyard dollar sərmayə qoymağı və 2030-cu ilə qədər Beynəlxalq Kosmik Stansiyanı (BKS) əvəz etməyi planlaşdırır.

- Amerika missiyasının Aya qayıdışı Ayın iqtisadi inkişafının əsaslarını qoymaq və Marsa səyahətə hazırlamaq üçün zəruridir”, - fərmanda deyilir.

Amerika astronavtlarının Aya qaytarılması üçün nəzərdə tutulan “Artemida” proqramı Donald Trampın ilk prezidentliyi dövründə 2017-ci ildə ilk başlamışdı. Onun ilk missiyası olan “Artemis I” layihəsi kosmik gəminin Aya pilotsuz uçuşu ilə 2022-ci ildə uğurla başa çatdı.

Sözügedən proqram çərçivəsində növbəti uçuş 2026-cı ilə planlaşdırılıb. Bunun ardınca isə, son 55 il ərzində Ayın cənub qütbünə ilk insan enişi missiyası baş tutacaq.

“NASA-nın gələcək planlarına Ayın ətrafında “Gateway” stansiyasının yaradılması, habelə 2020-ci illərin sonu və ya 2030-cu illərin əvvəllərində müntəzəm missiyalar üçün infrastrukturun yaradılması daxildir”,- xəbərdə vurğulanır.

Əvvəllər Tramp administrasiyası insanları Aya göndərmək üçün mövcud “Artemida” arxitekturasının mərhələli şəkildə ləğvini və onu daha ucuz variantlarla əvəzləməyitəklif etmişdi.

- Lakin bir sıra respublikaçı və demokrat konqresmenlər proqram ətrafında birləşərək, onun ixtisarının ABŞ-ni Çinlə kosmos yarışında daha zəif vəziyyətə salacağı barədə xəbərdarlıq ediblər”, - “Bloomberg” agentliyi yazır.

Xatırladaq ki, 1968-1972-ci illərdə NASA “Apollon” proqramı çərçivəsində Aya doqquz ekspedisiya göndərib. Onlardan altısı Yer peykinin səthinə astronavt endirib. 1972-ci ildən sonra proqram dayandırıldı və nəticədə tamamilə ləğv edildi.

Bu fonda Çin Ayın kəşfiyyatı planlarını həyata keçirir. 2026-cı ildə Ayın cənub qütbünü araşdırmaq və 2028-2029-cu illərdə oradan qaynaqların çıxarılması və emalı texnologiyalarını sınaqdan keçirmək üçün Pekin Yerin peykinə “Çanye” missiyasının göndərilməsini planlaşdırır.


Çinin məqsədi təxminən 2030-cu ilə qədər Ayda pilotlu enişə nail olmaqdır. Bunun üçün artıq “Çançjen - 10” super ağır raketi, dəfələrlə istifadə edilə bilən “Mençjou” kosmik gəmisi və “Lanyue” aya eniş aparatı hazırlanır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
40
1
azvision.az

2Mənbələr