AZ

Deputat: İnternet məkanında etik və hüquqi çərçivələrin qorunması zəruridir

Bakı, 19 dekabr, AZƏRTAC

Rəqəmsal cəmiyyətin sürətli inkişafı bizə yeni imkanlar yaratmaqla yanaşı təəssüf ki, bir sıra ciddi mənəvi, sosial və hüquqi problemləri də gündəmə gətirib. Belə ki, ictimai fikrə birbaşa təsir göstərən və kifayət qədər geniş istifadəçi dairəsi olan informasiya platformalarında qanun pozuculuğu kütləvi hal almaqdadır. İnternetin yaratdığı sərhədsizlik müxtəlif sahələrdə böyük inkişaf imkanları açsa da, etik sərhədlərin pozulması, aqressiya, təhqir və mənəvi aşınma hallarını da artırıb. Neqativ halların miqyasının artması artıq bu sahədə daha çevik addımların atılması üçün normativ bazanın güclənməsini tələb edir. Buna görə də Azərbaycan Respublikası Xətalar Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi zamanın tələbidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, bu məqsədlə müzakirəyə çıxarılan dəyişikliklər zamanın tələbi, ictimai sifariş və milli təhlükəsizlik maraqlarının qorunması üçün çox böyük əhəmiyyət kəsb edir.

“Biz bir xalq kimi özümüzü minilliklərdən gələn milli-mənəvi dəyərlərimiz və prinsiplərimiz üzərində qoruyub saxlamışıq. Cəmiyyətə hörmətsizlik, milli dəyərlərin aşağılanması və əxlaqsız məzmun yaymaq azadlıq deyil, mənəvi təhlükədir. Alçaldıcı ifadələrin normaya çevrilməsi ciddi narahatlıq doğurur. İnsanların kommunikasiya qurduğu və ya cəmiyyətə xitab edən istənilən informasiya ehtiyatında münasibətlərin etik çərçivələrdə və mövcud qanunvericiliyə uyğun olması şərtdir. İctimai məkan, real və ya virtual fərq etməz, qanunsuz, özbaşına idarə olunan toplum şəklində ola bilməz. Xüsusilə, gənclər və yeniyetmələr üçün bəzi dırnaqarası örnəklər təhlükəlidir, sabahkı cəmiyyətin aqressiv və sayğısız formalaşması deməkdir”, - deyə S.Mikayılova qeyd edib.

Deputat bildirib ki, etika və hüquq hər iki mühitdə eyni şəkildə işləməlidir. Bu dəyişiklik ümumilikdə informasiya mühitində son illər artan qeyri-etik davranışların qarşısını almağa yönəlib. Qanun layihəsi cəmiyyətə hörmətsizlik, əxlaq normalarının pozulması və ictimai mənəviyyatın təhqiri kimi hallar üçün daha konkret tənbeh mexanizmi müəyyənləşdirir. Əsas məqsəd ictimai qaydanı pozan, cəmiyyətə hörmətsizlik edən hərəkətlərə qarşı hüquqi məsuliyyətin gücləndirilməsidir.

“Bununla yanaşı virtual məkanda məsuliyyətsiz davranışların təkrarlanmaması üçün preventiv mexanizmləri ifadə edir. Layihə həm də diferensial yanaşmanı nəzərdə tutur: sadə pozuntular üçün cərimə, ağır və davamlı pozuntular üçün isə inzibati həbs tətbiq edilə bilər. Bu dəyişiklik ictimai davranış mədəniyyətinin qorunmasına, informasiya mühitinin daha sağlam və təhlükəsiz mühitə çevrilməsinə xidmət edir. Eyni zamanda, bu dəyişikliklər internet informasiya ehtiyatlarında qanunsuz əməllərə çağırışlar edilməsinə görə hüquqi məsuliyyətin gücləndirilməsinə yönəlib. Dəyişikliyin məqsədi onlayn məkanın qeyri-qanuni fəaliyyətlər üçün istifadə edilməsinin qarşısını almaq və ictimai təhlükəsizliyi təmin etməkdir”, - deyə o vurğulayıb.

S.Mikayılova, həmçinin diqqətə çatdırıb ki, internet informasiya resurslarında yayılması qadağan edilən informasiyaların əhatə dairəsinin genişləndirilməsi isə ictimai mənəviyyatı pozan və cəmiyyətə açıq hörmətsizlik ifadə edən məzmunların qarşısını almağa yönəlmişdir.

“Qanun layihəsi ilə yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişlənəcək və internet resurslarının sahiblərinə, eləcə də istifadəçilərə daha konkret məsuliyyət yükü qoyulacaq. Bu addımın məqsədi onlayn mühiti daha sağlam, təhlükəsiz və etik çərçivədə saxlamaq, xüsusilə gənclərin və yeniyetmələrin informasiya mühitində neqativ təsirlərdən qorunmasını təmin etməkdir”, - deyə deputat əlavə edib.

 

Seçilən
56
azertag.az

1Mənbələr