AZ

“Azəriqaz” İB tərəfindən Ağdərə və Xankəndiyə mediatur təşkil olunub

Xankəndi, 19 dekabr, AZƏRTAC

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərin qazlaşdırılması prosesini davam etdirir. Bu sahədə həyata keçirilən layihələri ictimaiyyətə çatdırmaq məqsədilə Ağdərə rayonuna və Xankəndi şəhərinə mediatur təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri əvvəlcə Ağdərə rayonunun Vəngli kəndinin qazlaşdırılması istiqamətində görülən işlərlə tanış olublar. Jurnalistlərə çətin relyef şəraitinə malik Vəngli kəndində cari ilin mayından start götürən qazlaşma işləri haqqında ətraflı məlumat verilib.

İş icraçısı Ələddin Aşıralıyev nəzərdə tutulan 15 min paqonmetr qaz xəttindən artıq 12 min paqonmetrinin çəkildiyini bildirib. Eyni zamanda, 130 fərdi yaşayış evinə qaz sayğacı quraşdırılıb və mavi yanacaqla təmin edilib. İlin sonunadək daha 26 evin təbii qazla təmin ediləcəyi vurğulanıb. Müxtəlif diametrli borularla çəkilən qaz xətlərinin isə 300 ev üçün nəzərdə tutulduğu bildirilib.

Jurnalistlər Xankəndi şəhərində yerləşən Qarabağ Regional Qaz İstismarı İdarəsində də olublar. Media nümayəndələrinə "Azəriqaz" İB tərəfindən görülən işlər haqqında ətraflı məlumat verilib. Regional İdarənin baş mühəndisi Qiyas Abdullayev işğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsinin qazlaşdırıldığını və bunun da 6800 abonenti əhatə etdiyini bildirib.

Qonaqlar, həmçinin Xankəndi Xidmət Sahəsinin inzibati binasında görülən təmir-bərpa işləri ilə də tanış olublar.

Sonda Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə gələn jurnalistlər burada görülən yenidənqurma və bərpa işləri ilə elə yerindəcə tanış olublar. Məlumat verilib ki, qəsəbədə 30 fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.

Mediatura Xənkəndi şəhər gəzintisi ilə yekun vurulub.

Seçilən
42
3
azertag.az

4Mənbələr