AZ

Komitə rəsmisi: Sosial və reabilitasiya xidmətləri barədə ictimaiyyətin məlumatlandırılması prioritetdir

İsmayıllı, 19 dekabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq biz mütəmadi olaraq media nümayəndələri və vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıq edirik. Bu əməkdaşlığın əsas məqsədi həyata keçirilən fəaliyyətlərin daha geniş ictimaiyyətə çatdırılması və maarifləndirmə işinin gücləndirilməsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Sevil Rəsulzadə söyləyib.

O, məhz bu məqsədlə il ərzində müxtəlif mediaturların, infoturların, maarifləndirici təlimlərin, mətbuat konfranslarının və ictimai proqramların təşkil olunduğunu bildirərək deyib: "Bugünkü mediatur da həmin fəaliyyətlərin tərkib hissəsidir. Əsas məqsədimiz jurnalistlərin və vətəndaş cəmiyyəti institutlarının dəstəyi ilə uşaqlara və ailələrə göstərilən sosial, psixoloji və reabilitasiya xidmətləri barədə ətraflı məlumatı ictimaiyyətə təqdim etməkdir".

S.Rəsulzadə vurğulayıb ki, bu fəaliyyət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024–2026-cı illəri əhatə edən kommunikasiya strategiyası çərçivəsində həyata keçirilir.

"Mediaturlar həmin strategiyanın icrasını təmin edən əsas mexanizmlərdən biridir. Çünki məhz media nümayəndələrinin, vətəndaş cəmiyyətinin fəal iştirakı ilə daha geniş auditoriyaya çıxmaq mümkündür. Ümid edirik ki, bu səfər nəticəsində İsmayıllı əhalisi, eləcə də geniş ictimaiyyət göstərilən xidmətlər barədə daha ətraflı məlumat əldə edəcək. Bu isə Komitənin prioritet məqsədlərindəndir", - deyə o diqqətə çatdırıb.

Komitə rəsmisi bu cür fəaliyyətlərin yalnız İsmayıllı rayonu ilə məhdudlaşmadığını, həmçinin digər regionların uşaq və ailələrə dəstək mərkəzlərində də mütəmadi olaraq həyata keçirildiyini bildirib.

Seçilən
118
azertag.az

1Mənbələr