AZ

Evlilik zamanı ərinin soyadına keçənlər... Hansı problemlər mövcuddur?

Qadının ərinin soyadına keçməsi Azərbaycanda könüllüdür və bu, qanunla tənzimlənir. Azərbaycanda nikaha daxil olan qadının ərinin soyadını götürməsi məcburi deyil. Qanunvericiliyə əsasən, qadın ərinin soyadını qəbul edə, öz soyadını saxlaya bilər. Mütəxəssislərin fikrincə, ərinin soyadına keçmək bəzi hallarda gündəlik və rəsmi prosedurları asanlaşdıra bilər. Lakin bu addım müəyyən çətinlikləri də yarada bilər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Adil Piriyev qadının yoldaşının soyadına keçməsinin hansısa üstünlüyünün olmadığını bildirib:

 

“Uşaqların soyadı ilə ananın soyadı fərqli olduqda müəyyən rəsmi və sosial situasiyalarda əlavə izahat tələb oluna bilər. Doğrulamaq üçün əlavə sənədlərə ehtiyac ola bilər. Xüsusən uşaqlarla eyni soyadda olmaq məktəb, səhiyyə müəssisələri və səyahət zamanı əlavə izahat ehtiyacını azaldır. Fərqli soyad olduğu zaman da nikah haqqında şəhadətnamə olduğu zaman münasibəti təsdiq edir və ciddi problem yaratmır. Hazırda bütün informasiyalar elektron formada olduğu üçün çətinliklər mövcud deyil. Hər bir şəxsin məlumatları orada tam formada əks olunur. Soyadın dəyişməsi şəxsi seçimdir və hüquqi cəhətdən hansısa ciddi problem yaratmır. Bəzən elə hallar yaranır ki, qadın ərinin soyadını qəbul edir, nikah pozulandan sonra qadın yenə ərinin soyadında qalır. Gələcəkdə soyaddan çıxmaq istədikdə problemlər yarana bilər. Soyad dəyişikliyi zamanı şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, diplomlar və digər rəsmi sənədlərin yenilənməsi vaxt və əlavə xərc tələb edir. Peşə fəaliyyəti üzrə əvvəlki soyadla tanınan qadınlar üçün isə bu, tanınma baxımından çətinlik yarada bilər”.

 

Hüquqi baxımdan qadının ərinin soyadını götürməsi və ya götürməməsi onun ailə, valideynlik və sosial hüquqlarına heç bir təsir göstərməsə də numerologiya bunun tam əksini iddia edir.

 

Pravda.az-a açıqlama verən numeroloq, pedaqoq Kəmalə Mürsəlovanın sözlərinə görə, bir qadın ailə həyatı qurarkən yoldaşının soyadına keçirsə, deməli, onun karmasına da sahib olur:

 

“Təbii 100 faizlik üstlənmir, ancaq 15-20 faiz həmin karmaya sahib olur. Bu isə qadının həyatına böyük təsir göstərir. Əgər qadının özünün müəyyən bir karması varsa, yoldaşının karmasına da fərqli surətdə sahib olursa, deməli, qadının həyatında mənfi tərəfdən təsir göstərir. Bu soyaddan asılıdır. Bəzi insanlara öz soyadını dəyişmək mənfi təsir göstərə bilər, bəzilərinə isə müsbət. Çox hallarda qadınlar öz soyadlarını dəyişərkən daha çox mənfi təsirini görürük. Bundan başqa hesablamalar da var. Hərflərin, saitlərin, samitlərin düzülüşü, ana xətt deyilən bir nüans var onu da hesablayanda deyə bilərik ki, qadının bütün həyatı dəyişir. Qadının həyatı dəyişirsə, güvənlidirsə, güvənsiz olur, bir çox məqsədi də dəyişə bilir. Qadının, hətta amalı da dəyişə bilir. Bəzən isə özünə “Mən kiməm?”, “Nə istəyirəm?” kimi suallar verərək çarəsiz qala bilir. Bu halda öz yolunu tutub, güvənlə irəliləyə bilmir. Bu da soyadın dəyişməsindən irəli gəlir. Bəzən görürəm ki, soyad müsbət təsir göstərir. Qadının soyadında olmayan hərflər yoldaşının soyadında olur və onun çakraları müsbət yöndə dəyişir. Bu da qadının həyatında müsbət tərəfdən dəyişikliklər yaradır. Mən kiməsə deyə bilmərəm soyadını dəyiş və ya dəyişmə. İnsanın öz seçimidir. Ruhun strategiyasıdır. Hər bir ruh gələrkən müəyyən strategiya seçib gəlir. Bəzi ruhlar özünə söz verir ki, mən gedəcəm yoldaşımın soyadını qəbul edərək həmin yoldan da bir təkamül keçəcəm. Yəni onun karmasına da sahib olaraq onu da ödəyəcəm. Bəziləri isə çaşıb qalır. Yəni güvən, iradə azlığı olur və həyatda bir çox şeyləri yerinə qoya bilmir”.

 

Şəhanə Quliyeva

Tarix: 19 Dekabr 2025, 16:46   
Seçilən
80
1
pravda.az

2Mənbələr