Bu gün “AnewZ” beynəlxalq xəbər və analitika kanalının "AnewZ Investigations" adlı yeni redaksiya istiqaməti çərçivəsində hazırlanmış "The Oligarch's Design" sənədli film ilə bağlı mətbuat konfransı keçirilib.
Aznews.az xəbər verir ki, mətbuat konfransında filmin xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuş narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıla biləcəyini araşdırdığı bildirilib.
Qeyd edilib ki, "The Oligarch's Design" açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyi "Troika Laundromat" maliyyə şəbəkəsini aşkara çıxaran beynəlxalq tədqiqatlara əsaslanır.
Sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub.
“AnewZ” televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev sənədli filmin 8 ölkədə, 10-11 ay zaman ərzində çəkildiyini və bu proyektdə 100-yaxın insanın əmək sərf etdiyini bildirib.
O qeyd edib ki, filmin Ermənistanda çəkilən hissələrində Ruben Vardanyanla müxtəlif təşkilatlar daxilində birgə fəaliyyət göstərən şəxslərdən müsahibələr götürülüb ki, bura qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəsmi” şəxsi də daxildir.
Rüfət Həmzəyev sözügedən sənədli filmlə “AnewZ” telekanalında yeni bir redaksiya istiqamətinin yarandığını əlavə edib.
“AnewZ” TV kanalının baş redaktoru Qay Şoun isə çıxışında vurğulayıb ki, sənədli filmin çəkilişlərində jurnalistikanın bütün etik prinsiplərinə, qərəzsizliyə və faktların yoxlanılmasına tam riayət olunub.