Azər Həsrət: “Kimlərsə Ruben Vardanyan haqqında mələk obrazı yaratmağa çalışır, ancaq faktlar göz qabağındadır”
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Təqsirləndirilən şəxslərin məhkəmə prosesi beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir. Rusiya xəbər portalları və hətta çoxdilli xəbər kanalı sayılan Euronews Bakıda məhkəməsi keçirilən Ruben Vardanyana prokurorun ömürlük həbs tələb etməsini özünün əsas xəbərləri sırasında təqdim edib. Maraqlıdır, onlar bununla nə demək istəyur, dünyaya hansı mesajı ötürmək istəyirlər? Bəlkə Azərbaycana təzyiq olunur ki, Vardanyana ömürlük həbs verilməsin? Nədir məqsəd?
“Hansısa xarici media orqanlarında bu məsələ işıqlandırılırsa, qeyri-adi heç nə yoxdur, Azərbaycan bundan narahat deyil”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, təqsirləndirilən şəxslərlə bağlı məlumatlar dünyanın hər bir yerində maraqla izlənilir: “Əsas məsələ odur ki, biz bu prosesingedişində birmənalı şəkildə müşahidə etdik ki, Azərbaycanın üzərinə çox gəlinmədi. Düzdür, müəyyən mərkəzlər, xüsusən də Moskvaya bağlı olanlar çalışdılar ki, nəsə etsinlər. Ancaq ümumi götürəndə sakit bir proses gedir. Hansısa xarici media orqanlarında bu məsələ işıqlandırılırsa, qeyri-adi heç nə yoxdur. Təbii ki, təqsirləndirilən şəxslər haqqında xarici mətbuat səhfələrində məlumatlar yayılacaq, obyektiv şəkildə kimsə baş verənləri işıqlandıracaqsa, tərəfsizlik nümayiş etdirirsə, Azərbaycan bundan narahat deyil. Ruben Vardanyanla bağlı prosesin sona çatması ərəfəsində bu kimi xəbərlərin çoxalmasının bizə zərəri yoxdur. Çünki məlum proseslərlə bağlı kifayət qədər dəlil-sübutlar var. O faktlar əsasında məhkəmə prosesi ədalətli şəkildə keçirilir, şahidlər dindirilib, dindirilməkdədir. Kimlərsə Ruben Vardanyan barəsində mələk obrazı yaratmağa çalışır, ancaq faktlar göz qabağındadır. Kiminsə bu sübutları yox sayacaq dəlili varsa, ortaya qoysun, yoxdursa, sakit oturub prosesin gedişatını izləsin”.
Günel CƏLİLOVA