AZ

Paris prokurorluğu Nigerdə uranın oğurlanması ilə bağlı araşdırmaya başlayıb

Paris, 19 dekabr, AZƏRTAC

Paris prokurorluğu Nigerdə daha əvvəl Fransanın “Orano” (keçmiş Areva) qrupunun idarə etdiyi Arlit mədənlərində 1 000 ton mülki uranın yoxa çıxması ilə bağlı araşdırmaya başlayıb.

AZƏRTAC xəbər verir ki, iş “xarici bir dövlətin maraqlarına xidmət etmək məqsədilə mütəşəkkil dəstə halında oğurluq” maddəsi üzrə araşdırılır. İstintaq orqanları dəyəri təxminən 160 milyon avro olan bu uranın Rusiyaya göndərildiyindən şübhələnir. Məlumata görə, araşdırma “Orano” şirkətinin şikayətindən sonra 2025-ci ilin avqust ayında başlanıb və iş Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSI) həvalə edilib.

“Orano” 2023-cü ilin iyulunda hakimiyyətə gələn Niger hərbi xuntasının qərarı ilə ekspropriasiya olunub, uran yataqları isə ölkənin öz sərvətlərini istismar etmək hüququ adı ilə milliləşdirilib. Rejim uranı beynəlxalq bazara çıxarmaq niyyətini açıqlayıb və mənbələrə görə, bu resursa maraq göstərən yeganə ölkə Rusiyadır.

“Orano” isə beynəlxalq arbitrajın sentyabrda verdiyi qərara əsasən, Nigerin bu uranı satmaq və ya daşımaq hüququnun olmadığını xatırladır. Məlumatlara görə, uran hərbi müşayiətlə paytaxta – Niameyə daşınıb və Burkina-Faso üzərindən Toqoya ötürülə biləcəyi ehtimalı mütəxəssisləri narahat edir. Bu marşrutun bəzi hissələri “Əl-Qaidə”yə bağlı qrupların nəzarətində olduğu bildirilir.

Seçilən
50
1
azertag.az

2Mənbələr