AZ

Azərbaycanda ÜDM-də aqrar sektorun payı az qala yox kimidir - cəmi 6 faiz...


Akif Nəsirli: “Belə vəziyyətin əsas səbəbi istehsal olunan məhsulların aşağı əlavə dəyərə malik olmasıdır”

Azərbaycanda kənd təsərrüfatında 1.8 milyon nəfərə yaxın və ya ölkə üzrə məşğul əhalinin 35 faizindən çoxu çalışır. Ancaq buna baxmayaraq, aqrar sahənin Ümumi Daxili Məhsulda (ÜDM) payı cəmi 6 faiz ətrafındadır.

Belə ki, keçən il kənd təsərrüfatında adambaşına 1271 manatlıq, aylıq hesabla isə adambaşına 106 manatlıq məhsul istehsal olunub. Bütün bunlar aqrar sahədə əmək məhsuldarlığının çox aşağı olduğunu göstərir. Ötən il kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 995.2 milyon manat təşkil edib. 2025-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul 1.1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0.4 , bitkiçilik məhsulları istehsalı 1.9 faiz artıb.

Maraqlıdır, Azərbaycanda aqrar sahədə əmək məhsuldarlığı niyə bu qədər aşağıdır? Niyə aqrar sahənin ÜDM-də payı cəmi 6 faizdir? Problem nədədir?

“Kənd təsərrüfatı əsasən xam məhsul istehsalı üzərində qurulub və bu məhsulların böyük hissəsi emal olunmadan satılır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki,Azərbaycanda kənd təsərrüfatında əmək məhsuldarlığının aşağı olmasının əsas səbəbi bu sahədə çalışan insanların sayının real istehsal həcminə nisbətən həddindən artıq çox göstərilməsidir: “Aqrar sahədə guya təxminən 1.8 milyon nəfər məşğuldur, lakin onların böyük hissəsi tam məşğulluq şəraitində çalışmır. Hökumət 1996-cı ilə torpaq payı almış ölkə vətəndaşlarının hamısını aqrar sadə məşğul əhali kimi tanıyır. Məsələn, mən və ailəm də torpaq payı almışam o vaxt, amma 20 ildir Bakıda yaşayırıq, aqrar sahəyə heç bir töhfə vermirik. Eyni zamanda bir çox ailələrdə bir neçə nəfər eyni təsərrüfatda işləyir, amma istehsal olunan məhsul artmır. Alternativ iş imkanları məhdud olduğu üçün insanlar kənd təsərrüfatında qalmağa məcbur olur və bu da gizli işsizliyin formalaşmasına gətirib çıxarır. Nəticədə eyni həcmdə məhsul çox sayda insan arasında bölünür və adambaşına düşən dəyər kəskin azalır. Digər mühüm səbəb texnologiya və mexanizasiyanın zəif inkişaf etməsidir. Kənd təsərrüfatında istehsalın böyük hissəsi hələ də əl əməyinə, köhnə texnikaya və aşağı məhsuldarlıqlı toxumlara əsaslanır. Müasir texnologiyaların geniş tətbiq olunmaması həm məhsuldarlığı aşağı salır, həm də istehsal xərclərini artırır. İnkişaf etmiş ölkələrdə bir fermerin yaratdığı istehsal dəyəri onlarla insanın əməyinə bərabər olduğu halda, Azərbaycanda bir fermer çox vaxt yalnız öz ailəsinin minimum tələbatını ödəyə bilir. Torpaq münasibətləri də məhsuldarlığa mənfi təsir göstərir. Torpaqların xırda paylara bölünməsi, kooperasiyanın zəif olması və iri təsərrüfatların azlığı miqyas üstünlüyündən istifadə etməyə imkan vermir. Kiçik sahələrdə müasir texnikadan səmərəli istifadə etmək çətin olduğu üçün istehsal parçalanmış və qeyri-effektiv qalır. Bu isə həm məhsulun həcmini, həm də keyfiyyətini məhdudlaşdırır. Aqrar sahənin ÜDM-də payının cəmi 6 faiz olmasının əsas səbəbi istehsal olunan məhsulların aşağı əlavə dəyərə malik olmasıdır. Kənd təsərrüfatı əsasən xam məhsul istehsalı üzərində qurulub və bu məhsulların böyük hissəsi emal olunmadan satılır. Emal sənayesinin zəif inkişafı əlavə dəyərin aqrar sahədə deyil, başqa ölkələrdə və ya başqa sektorlar hesabına formalaşmasına səbəb olur. Xam məhsul ucuzdur və ÜDM-ə verdiyi töhfə də məhdud qalır. Bundan əlavə, kənd təsərrüfatı sənaye, logistika və ixrac zəncirləri ilə zəif əlaqəlidir. Fermerlər bazara çıxışda çətinlik çəkir, qiymətləri formalaşdıra bilmir və risqləri təkbaşına daşımalı olurlar. Bu şəraitdə istehsalın genişləndirilməsi və məhsuldarlığın artırılması üçün stimul zəifləyir. Nəticədə aqrar sahə daha çox sosial məşğulluq funksiyasını yerinə yetirir, iqtisadi baxımdan isə zəif qalır. Ümumilikdə problem ondan ibarətdir ki, kənd təsərrüfatında çalışan insanların sayı göstərilsə də, yaradılan iqtisadi dəyər azdır. Əmək məhsuldarlığı aşağı, texnologiya zəif, emal səviyyəsi məhdud olduğu üçün aqrar sahə ÜDM-də kiçik paya malik olur. Bu vəziyyət dəyişmədiyi müddətdə kənd təsərrüfatı iqtisadi inkişafın əsas mühərrikinə çevrilə bilməyəcək və mövcud struktur problemləri davam edəcək”.

Vidadi ORDAHALLI

Seçilən
79
baki-xeber.com

1Mənbələr