
Ağstafa rayonunda üç azyaşlı uşağın ataları tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı daxil olmuş məlumat əsasında məsələ dərhal nəzarətə götürülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hadisə ilə əlaqədar yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən ailəyə baxış keçirilib.
Bildirilib ki, Dövlət Komitəsi tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində hazırda azyaşlı uşaqların təhlükəsizliyi təmin olunub. Onlar müvafiq tibbi yardım göstərilməsi məqsədilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Eyni zamanda, aidiyyəti qurumlar tərəfindən uşaqların mövcud vəziyyəti qiymətləndirildikdən sonra azyaşlıların mənafeyinin qorunması məqsədilə müvafiq müəssisəyə yerləşdirilməsi istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, uşaqların anası Günel Bayramova iddia edir ki, həyat yoldaşı, kənd sakini 42 yaşlı Oruc Əliyev ailədaxili münaqişələr zəminində uşaqlarına zorakılıq tətbiq edib.
Ananın sözlərinə görə, sonuncu mübahisədən sonra ata evinə gedən Günel Bayramova həyat yoldaşı evdə olmadığı vaxt uşaqlarına baş çəkməyə gəlib. Bundan xəbər tutan ata uşaqların anaları ilə görüşdüyünü öyrənərək onları döyüb və işgəncə verib.
Azyaşlılar da ifadələrində atalarının analarını və onları günlərlə müxtəlif əşyalarla döydüyünü, həmçinin onun spirtli içki aludəçisi olduğunu bildiriblər.
Xatırladaq ki, Oruc Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.