Son illərdə Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında dərinləşən qarşıdurma təkcə daxili siyasi proses kimi yox, regional və geosiyasi maraqlar prizmasından da oxunur.
İndiki mərhələdə Rusiyada yaşayan erməni icmasının fəallaşması, kilsə rəhbərliyinin müdafiəsi adı altında Paşinyana qarşı sərt mövqe nümayiş etdirməsi bu prosesin artıq Ermənistan sərhədlərini aşdığını göstərir. Faktiki mənzərə ondan ibarətdir ki, Kremlin ənənəvi təsir alətləri olan kilsə, diaspora və informasiya resursları paralel şəkildə işə salınıb.
Paşinyanın 2018-ci ildən sonra apardığı siyasət Moskva üçün ardıcıl şəkildə problemli olub. Ermənistanın KTMT-dən narazılığı, Rusiya sülhməramlılarının Qarabağdakı rolunun açıq tənqidi, Ukrayna müharibəsi fonunda Kremlə loyal mövqedən yayınma və Qərblə siyasi dialoqun genişləndirilməsi Rusiyanın Ermənistandakı təsir imkanlarını zəiflədib. Bu zəifləmə fonunda Moskva Paşinyanı birbaşa siyasi müstəvidə sıxışdırmaqdan daha çox, onu daxildən legitimlik böhranına salmaq xəttini seçib.
Bu strategiyada Erməni Apostol Kilsəsi xüsusi yer tutur. Kilsə Ermənistan cəmiyyətində təkcə dini institut deyil, milli kimliyin və tarixi davamlılığın əsas sütunlarından biri kimi qəbul olunur. Paşinyanın kilsənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilən addımları, katolikosun seçilmə mexanizminin dəyişdirilməsi ideyası və ruhanilərə qarşı sərt ritorika onun “ənənəvi Ermənistana qarşı çıxan lider” obrazını formalaşdırmağa xidmət edən kampaniyalar üçün zəmin yaradıb. Bu kampaniyaların böyük hissəsi isə Rusiya mediası və Rusiyadakı erməni diaspor strukturları üzərindən tirajlanır.
Faktlar göstərir ki, Rusiyada fəaliyyət göstərən bir sıra erməni təşkilatları, tanınmış iş adamları və ictimai xadimlər kilsə ətrafında baş verən hadisələrə sinxron reaksiya verirlər. Bəyanatların dili, vurğuların oxşarlığı və Paşinyanın birbaşa hədəf seçilməsi spontan narahatlıqdan çox koordinasiyalı siyasi mövqeni xatırladır. Bu bəyanatlarda tez-tez “konstitusiyanın tapdanması”, “vicdan azadlığının pozulması”, “millətin parçalanması” kimi anlayışların qabardılması Paşinyanı həm avtoritar, həm də milli dəyərlərə yad lider kimi təqdim etməyə yönəlib.
Bununla paralel olaraq, kilsə ətrafında baş verən qalmaqalların informasiya müharibəsi elementinə çevrildiyi də görünür. Ruhanilərlə bağlı kompromatların yayılması, daxili kilsə mübahisələrinin ictimailəşdirilməsi və bu materialların hökumətyönlü və ya əksinə, Paşinyana qarşı platformalarda dövriyyəyə buraxılması vəziyyəti daha da gərginləşdirib. Maraqlıdır ki, bu informasiyalar qısa müddətdə Rusiya mediasında da geniş işıqlandırılır və Paşinyanın legitimliyini sual altına alan kontekstdə təqdim olunur.
Rusiyanın marağı aydındır: Paşinyanı ya geri addım atmağa, ya da daxili təzyiqlər altında zəifləməyə məcbur etmək. Kilsənin müdafiəsi adı altında aparılan bu kampaniya Kremlin açıq şəkildə müdaxilə etmədən, “erməni xalqının daxili narahatlığı” görüntüsü yaratmaq cəhdidir. Rusiyadakı erməni icması bu baxımdan ideal vasitədir - həm kənardan gələn təzyiq kimi görünmür, həm də Ermənistan cəmiyyətində emosional rezonans doğurur.
Nəticədə ortaya çıxan mənzərə ondan ibarətdir ki, kilsə-hakimiyyət qarşıdurması Paşinyanla Moskva arasındakı daha geniş siyasi ziddiyyətlərin daxili proyeksiyasına çevrilib. Rusiyanın tərəfdarı olan kilsə rəhbərlərinin və onlara bağlı fiqurların müdafiəsi Paşinyana qarşı mübarizənin ideoloji əsasını təşkil edir. Bu proses göstərir ki, Kremlin Ermənistan üzərində təsir imkanları azalsa da, kilsə və diaspora kimi dərin köklü strukturlar vasitəsilə siyasi gündəmə müdaxilə potensialı hələ də qalmaqdadır.
Akif NƏSİRLİ