AZ

Ermənistandakı rus təbliğatçıları "Azərbaycan bizdən heç bir mal almayacaq" təbliğatına keçdilər...


Narek Karapetyanın “Azərbaycan Ermənistan mallarını öz bazarına buraxmayacaq” iddiası nə analitik yanaşmadır, nə də real proseslərin nəticəsi. Bu, qorxu üzərində qurulmuş, cəmiyyəti manipulyasiya etməyə hesablanmış və açıq şəkildə sülh prosesini hədəfə alan siyasi demoqogiyadır. Karapetyanın dedikləri faktların yox, komplekslərin və xarici mərkəzlərin diqtə etdiyi köhnə nağılların məhsuludur.

Əgər Azərbaycan prinsipial olaraq Ermənistanla iqtisadi əlaqələrə qarşıdırsa, onda rəsmi Bakının illərdir nəqliyyat-kommunikasiya xətlərinin açılmasını israrla gündəmdə saxlaması nə ilə izah olunur? Əgər məqsəd Ermənistanı boğmaqdırsa, regional logistika xəritəsində onu tranzit ölkəyə çevirmək təşəbbüsləri niyə ortaya qoyulur? Bu suallar Karapetyanın iddialarını yerlə-yeksan edir. Çünki onun söylədikləri məntiqi təhlil nəticəsı deyil, siyasi isterikadır.

Daha təhlükəlisi odur ki, Karapetyan “zəif mövqedən barışıq olmaz” kimi primitiv və populist tezislərlə Ermənistan cəmiyyətini reallıqdan uzaqlaşdırmağa çalışır. Tarix isə göstərir ki, məhz məğlubiyyəti qəbul edən və rasional qərar verən dövlətlər ayaqda qalır. Ermənistan 30 il boyunca “güc mövqeyi” mifinə inanaraq regiondan təcrid olundu, iqtisadi cəhətdən iflic vəziyyətinə düşdü və nəhayət ağır məğlubiyyətlə üzləşdi. Bu gün eyni nağılı yenidən danışmaq ya siyasi korluqdur, ya da şüurlu xəyanət.

Karapetyanın ritorikasında ən diqqətçəkən məqam onun söz ehtiyatının Kreml təbliğatı ilə tam üst-üstə düşməsidir. Türkiyə ilə ticarətin mümkünsüzlüyü, Azərbaycanın “istənilən halda Ermənistanı sıxışdıracağı”, Ermənistanın guya regional düşmənlər arasında tək qalması kimi tezislər illərdir Rusiya mediası və rusiyapərəst şəbəkələr tərəfindən tirajlanır. Məqsəd dəyişmir: Ermənistanın Qafqazda müstəqil oyunçuya çevrilməsinin qarşısını almaq, onu qorxu və düşmən obrazları ilə Moskvanın orbitində saxlamaq.

Karapetyan Gürcüstan üzərindən daşımalarla bağlı iddialarında da manipulyasiya edir. Ermənistan mallarının Türkiyə bazarında rəqabət apara bilməməsi siyasi yox, iqtisadi səbəblərlə bağlıdır: keyfiyyət, qiymət, logistika və standartlar. Bunları etiraf etmək əvəzinə bütün məsuliyyəti qonşuların üzərinə atmaq ucuz populizmdir. Bu, problemləri həll etmir, sadəcə günahkar axtarışıdır.

Əslində Karapetyanın çıxışları sadəcə yanlış fikir deyil, açıq-aşkar sülhə qarşı qəsddir. Bu cür bəyanatlar cəmiyyətdə revanşist ovqatı diri saxlayır, danışıqlara inamsızlıq yaradır və regionu yenidən gərginliyə sürükləyir. Hər dəfə Azərbaycan-Ermənistan sülhü real konturlara yaxınlaşanda bu tip fiqurların aktivləşməsi müşahidə edilir. Onlar sülhdən qorxurlar, çünki sülh Rusiyanın Ermənistana təsir imkanlarını zəiflədir.

Narek Karapetyan nə regionun iqtisadi dinamikasını anlayır, nə də diplomatiyanın elementar qaydalarını bilir. O, Ermənistanın gələcəyini düşünən siyasətçi yox, keçmişə bağlı, Rusiyanın maraqlarını yerli auditoriyaya ötürən bir təbliğatçı təsiri bağışlayır. Belə fiqurların ən böyük problemi ondadır ki, onlar öz xalqlarını da girova çevirirlər.

Sülh zəiflik deyil, reallığı qəbul edib gələcək qurmaq cəsarətidir. Karapetyan isə bu cəsarətdən məhrumdur və məhz buna görə sülhü yox, qorxunu təbliğ edir.

Akif NƏSİRLİ

Seçilən
92
baki-xeber.com

1Mənbələr