Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının (STX) hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
İclas onlayn formatda və tam tərkibdə keçirilib. Azərbaycan tərəfindən işçi qrupuna xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfindən isə dövlət katibinin müavininin köməkçisi Sonata Koulter rəhbərlik edib.
İclas zamanı avqustun 8-də Vaşinqton Sülh Sammiti çərçivəsində imzalanmış STX-nin hazırlanmasına dair Anlaşma Memorandumunda müəyyən edilmiş prioritet sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Xüsusilə, energetika, ticarət, tranzit, regional qarşılıqlı əlaqə, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi investisiyalar, həmçinin müdafiə, təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib.