Bakı, 19 dekabr, Fidan Əlizadə, Orxan Kərimov, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova sərgi barədə məlumat verib.
O qeyd edib ki, sərgidə müəllifin mövzu müxtəlifliyi ilə seçilən 50 əsəri nümayiş olunur. “Qarabağın zəngin mədəni irsini müasir vizual dildə təqdim edən sərginin əsas ideyası xalça ornamentlərinin minilliklər boyu qoruduğu yaddaşı XX-XXI əsrlərin estetik duyumu ilə birləşdirməkdir.
Sərgidə qədim xalça naxışları ilə vəhdətdə təsvir olunan Qarabağ atları, həmçinin qadın portretləri xüsusi yer tutur. Atın hərəkəti, gücü və poetik silueti ornamentlərin strukturlaşdırılmış ritmi ilə ahəngdarlıq təşkil edir. Digər əsərlərdə isə xalça motivləri qadının kimliyi, ruhu, keçmişlə əlaqəsi və müasir dünyada özünüifadə forması kimi təqdim olunur”,- deyə muzeyin direktoru əlavə edib.
Milli Xalça Muzeyinin xalqımızın zəngin xalça irsindən bəhrələnərək yeni əsərlər yaradan gənc rəssamlara daim dəstək göstərdiyini diqqətə çatdıran Ə.Məlikova deyib: “Bu baxımdan “Naxış və siluet” layihəsi milli irsin müasir təqdimatı istiqamətində növbəti əlamətdar hadisədir. Ənənənin müasirliklə qovuşduğu “Naxış və siluet” sərgisi Qarabağın mədəniyyət xəzinəsinin qorunduğunu, eyni zamanda yenidən interpretasiya edilərək gələcəyə daşındığını göstərən sənət manifestidir”.
Deputat, Əməkdar rəssam Ülviyyə Həmzəyeva və digər çıxış edənlər milli xalça irsinin qorunması və müasir incəsənətdə yaşadılmasının əhəmiyyətindən, gənc rəssamların bu prosesdə rolundan danışıblar, sərginin ideya-məzmun baxımından aktuallığını vurğulayıblar.
Rəssam Emil Əziz “Naxış və siluet” sərgisinin ideya mənbəyindən bəhs edib. Həmçinin əsas məqsədinin Qarabağın zəngin xalça ornamentlərini müasir bədii dil vasitəsilə yenidən düşünmək və bu irsi gələcək nəsillərə ötürmək olduğunu söyləyib.
Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.
Sərgi dekabrın 21-dək davam edəcək.