AZ

Ermənistan Ali Dini Şurası Paşinyana qarşı qərar qəbul etdi...


Ermənistanın baş naziri Nikol Paşinyanı dəstəkləyən yüksək vəzifəli ruhanilər katolikos II Qareginin istefası tələbi ilə petisiya təşkil ediblər. Petisiyada qeyd edilir: “Mən bütün ermənilərin katolikosu II Qareginin istefasını, müvəqqəti kilsə rəhbərinin seçilməsini və yeni katolikos seçkilərin keçirilməsini tələb etmək çağırışını dəstəkləyirəm”.

Tələb bir neçə gün əvvəl açılmış “barenorogum.am” saytında dərc edilib. Bu tələblər Paşinyanın sosial mediada yaydığı Ermənistan Apostol Kilsəsində islahat planındakı bəndlərlə üst-üstə düşür. İndiyədək petisiyanı 400-dən çox insan imzalayıb. Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda və hətta övladı olmaqda günahlandırıb. Və buna görə, o, Ali Patriarx vəzifəsini tuta bilməz. Paşinyanın kilsənin islahatlar palanına münasibət erməni cəmiyyəti və ruhanilər arasında birmənalı deyil. İnsanların bir hissəsi baş naziri dəstəkləyir, digərləri onun hökumətini kilsənin daxili işlərinə müdaxilə etməkdə günahlandırır. Erməni Apostol Kilsəsi Ali Ruhanilər Şurasının iclası Paşinyanın kilsəyə qarşı kampaniyanın dağıdıcı nəticələrə gətirəcəyi, Ermənistan dövlətçiliyi və xalqının birliyinə və bütövlüyünə təhlükə yaratdığını bildirib. Ruhanilər Şurasının bəyanatında deyilir: “Bu, cəmiyyətdə parçalanmaya gətirir, xalqın mənəvi birliyini, doğma yurda sədaqətini sarsıdır”. Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin taxtdan imtina etməsi zəruriliyi barədə yepiskopların bəyanatını müsbət qarşılayıb. Onun sözlərinə görə, kilsənin bərpa olunması və böhranın aradan qaldırılması bütün ermənilərin katolikosunun taxtdan imtinası olmadan mümkün deyil: “Erməni Apostol Kilsəsi Krtriç Nersisyandan (II Qaregin və kilsəni ələ keçirən təriqətçilər qrupundan qorunmalıdır. Krtriç Nersisyan və onun əhatəsi kilsəni ələ keçirmiş təriqətçilərdir”. Nikol Paşinyan yepiskopların hərəkətlərinə rəhbərlik etmədiyini, lakin onların bəyanatını müsbət qarşıladığını və dəstəklədiyini söyləyib. Daha əvvəl Ermənistan hakimiyyətinin kilsəyə qarşı kampaniyasının tərəfdarları 10 yepiskopun bütün ermənilərin katolikosunun istefası tələbi ilə Eçmiədzin kafedral kilsəsinə toplaşmaq çağırışına cavab verərək, patriarxın liturgiya keçirdiyi zaman məbədə soxulmağa cəhd ediblər. Ermənistanın Ovanavank monastırının ruhani rəhbəri keşiş Ter Aram Eçmiədzin kompleksində dəyişikliklərin baş verəcəyini açıqlayıb. O, sosial şəbəkədə paylaşdığı bəyanatında kilsənin deyil, yad qüvvələrin maraqlarına xidmət edənlərdən müqəddəs məkanın azad olunmasının vacibliyini bildirib: “Mən Müqəddəs Erməni Apostol Kilsəsinin davamçısı kimi Müqəddəs Eçmiədzinin yad qüvvələrin maraqlarına xidmət edənlərdən azad olunmasında iştirak etməyi öz borcum hesab edirəm”.

Ter Aram katolikos II Qareginə qarşı açıq çıxış edən ilk erməni din xadimlərindən biri kimi tanınır. O, katolikosu “günahı təşviq etməkdə və hamını özünə bənzətməyə çalışmaqda” ittiham etmişdi. Bu səbəbdən II Qaregin onu ruhani rütbəsindən məhrum edib. Ermənistan hakimiyyəti isə bu qərarı qanuni saymadığını bəyan edib. Hazırda Eçmiədzin ətrafında baş verən hadisələr ölkədə kilsə və dövlət münasibətləri ilə bağlı geniş ictimai müzakirələrə səbəb olub. Bu arada qeyd edək ki, Eçmiədzin şəhərində genişmiqyaslı etiraz aksiyası keçirilib. Aksiyanı şəhərin müxtəlif dini qruplarına mənsub ruhani şəxslər təşkil edib və II Qaregini istefaya çağırıblar. II Qareginin tərəfdarlarının əraziyə gəlişi ilə toqquşmalar başlayıb. Aksiyanın keçirildiyi ərazidə hüquq-mühafizə orqanları bir sıra vətəndaşları saxlayıb. Saxlanmaların sayı hələlik açıqlanmır, lakin yerli mənbələr bildirir ki, saxlanılanlar həm aksiyada fəal iştirak edənlər, həm də vəziyyəti gərginləşdirən şəxslərdir. Ermənilər arasında katolikos ətrafında ciddi fikir ayrılığı müşahidə olunur. Bir tərəf katolikosu dəstəkləyir və kilsənin vahidliyinin qorunmasını vacib sayır, digər tərəf isə II Qaregini kilsəni zəiflətməkdə və tarixən möhkəm olan ideoloji mövqelərindən geri çəkilməkdə ittiham edir. Hadisələr fonunda erməni cəmiyyətində ciddi parçalanmanın müşahidə olunduğu bildirilir. Baltikyanı Dövlətlər Yeparxiyasının rəhbəri, arxiyepiskop Vazgen Mirzaxanyan etirazlarla bağlı bildirib: “Missiyamız artıq başa çatdı. Növbəti dəfə xalqımızın, millətimizin və ruhanilərimizin güclənməsi və maariflənməsi üçün Ana Katedralından dua etmək üçün sizinlə birlikdə burada olacağıq”. II Qaregin isə bildirib ki, mövcud problemlərin danışıqlarla həllinə ehtiyac var: “Bu gün həyəcanlı günlər yaşayırıq. Bu şəraitdə cəmiyyətdə sülh, tolerantlıq və birlik ruhunu gücləndirmək əvəzinə, əksinə, kilsəmizə qarşı hücumlar davam edir. Müqəddəs Eçmiədzinə daha bir hücum həyata keçirildi, təəssüf ki, ruhanilərimiz tərəfindən də bu edildi. Kilsədə qaldırılan bu səs-küy heç vaxt ölkəmizin qurulmasına, kilsəmizin parlaqlığına çağırılan missiyamızı, proqramlarımızı sarsıda bilməz”. Hesab olunur ki, Paşinyanın məqsədi təkcə kilsə rəhbərliyini dəyişmək deyil, həm də uzun illər ərzində müstəqil siyasi və ideoloji güc mərkəzi kimi çıxış edən kilsəni birbaşa hökumətin nəzarəti altına almaqdır. Bu isə Ermənistanda ənənəvi güc balansının pozulması kimi qiymətləndirilir.

Tahir TAĞIYEV

Seçilən
107
baki-xeber.com

1Mənbələr