AZ

Aİ-nin Ermənistanla strateji gündəliyi təəssüf doğurur

Bu onu göstərir ki, Avropa İttifaqı hələ də erməni lobbisinin təzyiqi altındadır

Avropa İttifaqı və onun tərkibində olan Avropa Parlamentinin erməni lobbisinin təsiri altında fəaliyyət göstərdiyi aşkardır. Uzun illərdir ki, vəziyyət belədir. Sözügedən qurumlar Qarabağ münaqişəsinin davam etdiyi, Azərbaycanın iyirmi faiz ərazisinin Ermənistanın işğalında qaldığı müddətdə də, ilk növbədə, özlərinin əməl etməli olduqları beynəlxalq hüquq çərçivəsini aşmaqdan, nüfuzlarına zərbə vurmaqdan çəkinmədilər. 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna və mülki əhalisinə qarşı təxribatlara son qoymadıqları həmin illərdə nə Avropa İttifaqı, nə də Avropa Parlamenti bu cinayətkarlığa son qoyulmasına, cinayətkarların cəzalandırılmasına çalışdılar. 2020-ci ilin payızında işğalçı ölkənin silahlı qüvvələrinin növbəti təxribatı ilə başlayan Vətən müharibəsində də bu qurumlar beynəlxalq hüququ, ədaləti dəstəkləmədilər.

Artıq Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan öz gücü ilə Qarabağ və Şərqi Zəngəzur ərazilərini geri qaytarıb, suverenliyinə tam nail olub.

Heç zaman müharibə, münaqişə istəməyən, ən çətin məqamlarında, əraziləri işğalda qalanda da, yalnız sülh mövqeyindən çıxış edən Azərbaycan dövlətinin niyyəti dəyişməzdir. Bunu Vətən müharibəsini böyük Zəfərlə başa vurduqdan sonra da nümayiş etdirdi. Ermənistanla sülh sazişinin imzalanmasının təşəbbüskarı da ölkəmiz oldu.

Son dövrdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində məqsədyönlü, qətiyyətli addımlar atılıb. Və şübhə yoxdur ki, bu sülh bütövlükdə Cənubi Qafqaz regionuna sabitlik, rifah gətirəcək.

Məqsədi sülhün bərqərar edilməsi olanların belə bir vaxtda atdıqları bütün addımlar, verdikləri qərarlar, imzaladıqları sənədlər yalnız bu amala xidmət etməlidir. Odur ki, dekabrın 2-də Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəd təəssüf doğurmaqla yanaşı, çox ciddi mətləblərdən xəbər verir.

Azərbaycan Xarici İşlər Nazirliyindən diqqətə çatdırılıb ki, sözügedən sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur. 

"Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir", - Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı və Ermənistan arasında imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" sənədinə dair şərhində yer alıb. Bildirilib ki, sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların "qaçqın" statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir: "Həmçinin sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur".

Nazirliyin şərhində Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsinin tamamilə məntiqsiz olması ilə yanaşı, belə bir yanaşmanın Azərbaycanın da Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu nəzərə almadığı diqqətə çatdırılıb.

Azərbaycan və Ermənistan bu il avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamə imzalayıb, üzərlərinə öhdəliklər götürüblər. Xarici İşlər Nazirliyinin sözügedən şərhində vurğulanıb ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ-Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətilə bağlı ciddi suallar yaradır.

Sənəddə insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyinin etirazına səbəb olub. Bu, reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir.

"Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" sənədində Ermənistanın regional konsensusdan məhrum olan "sülh kəsişməsi" təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaları əks olunduğu halda, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad olunmayıb. Narahatlıq doğuran bu halın Ermənistanın Vaşinqtonda imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaratdığı Xarici İşlər Nazirliyinin şərhində qeyd olunub. Azərbaycan Xarici İşlər Nazirliyi açıq şəkildə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir.

Ciddi narahatlıq yaradan səbəblərdən biri də Aİ-Ermənistan sənədində prioritetlər sırasında hərbi və müdafiə məsələlərinin vurğulanmasının Ermənistanın hərbiləşməsinə xidmət etməsidir.

Azərbaycan Xarici İşlər Nazirliyi açıq şəkildə bidirilib ki, yuxarıda qeyd olunan məsələlər 8 avqust tarixindən etibarən postmünaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır: "Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə, vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələr çıxaracağıq".

Azərbaycanın mövqeyi, niyyəti hər zamankı kimi aydın və qətiyyətlidir. Biz müharibə istəmirik, sülhə hazırıq. Bu yolla da gedirik. Lakin rəsmi İrəvan mövqeyini dəyişərsə, yenidən onu silahlandırmaqla, təxribatlara çəkməklə sülhdən yayındırmağa cəhd edənlərin qurduqları tələyə düşərsə, bunun ən böyük zərəri Ermənistana və erməni xalqına dəyəcək. 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
15
45
azerbaijan-news.az

10Mənbələr