Bir neçə gün əvvəl Qara dənizdən Türkiyə hava məkanına daxil olan və F-16-ları tərəfindən vurulan pilotsuz uçuş aparatının (PUA) ardınca, Kocaelinin İzmit rayonunum ərazisində daha bir naməlum PUA qəzaya uğrayıb.
Yerli sakinlər quyruğunda qırmızı ulduz olan naməlum PUA-nı rayonun Çubuklubala kənd məhəlləsindəki bir tarlada tapıblar. PUA-nı ilk görən sakinlərdən biri onun çərşənbə günü qəzaya uğradığını və qorxduğu üçün üç gün heç kimə demədiyini bildirib və deyib: "Qorxduğum üçün ona yaxınlaşa bilmədim. Kiminsə gəlib götürə biləcəyini düşündüyüm üçün heç kimə demədim. Qorxurdum ki, pis bir şey baş verər, bomba ola bilər, ona görə də ona yaxınlaşa bilmədim".
Türkiyə Daxili İşlər Nazirliyi PUA-nın kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə edilən Rusiya istehsalı Orlan-10 tipli PUA olduğunu açıqlayıb.
Hazırda olayla bağlı araşdırmalar davam edir.
Məlumat üçün bildirək ki, bu, son bir həftə ərzində Türkiyədə dronla bağlı ikinci hadisədir. Bundan əvvəl, dekabrın 16-da Türkiyə qırıcıları Qara dəniz üzərində ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurub. Ancaq Türkiyə pilotsuz uçuş aparatının hansı ölkəyə aid olduğunu açıqlamayıb.
TAHİR