Son vaxtlar “Azparking” sistemi ilə bağlı sürücülərin narazılığı kəskin şəkildə artıb. Şikayətlərin əsas səbəbi parklanma mexanizminin rahatlıq yaratmaq əvəzinə, sürücülər üçün əlavə problem və cərimə riskinə çevrilməsidir.
Xüsusilə 1–2 dəqiqəlik dayanma üçün tam 1 saatlıq ödənişin tutulması, tətbiqin gec aktivləşdirilməsinə görə dərhal cərimə yazılması və ən əsası, ödəniş edildikdən sonra cərimə bildirişinin göndərilməsi “Azparking”in fəaliyyətinə ciddi suallar yaradır.
Sürücülər bildirirlər ki, avtomobili saxladıqdan sonra tətbiqi açmaq, zonanı seçmək və ödənişi təsdiqləmək müəyyən vaxt aparır. Bu müddət ərzində isə nəzarətçilər tərəfindən artıq pozuntu qeydə alınır. Bir neçə dəqiqəlik gecikmə inzibati xəta kimi qiymətləndirilir və sürücü cərimə ilə üzləşir. Üstəlik, parklanma üçün tətbiq üzərindən ödəniş edildikdən sonra cərimə bildirişinin gəlməsi vəziyyəti daha da absurd hala salır. Sürücü ödəniş etdiyini düşünür, lakin bir neçə dəqiqə əvvəl qeydə alındığı iddia edilən pozuntuya görə cərimə ləğv edilmir.
NOCOMMENT.az-a danışan “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov hesab edir ki, bu praktika hüquqi baxımdan mübahisəlidir.
Onun sözlərinə görə, inzibati məsuliyyət yalnız real və sübuta yetirilmiş pozuntu halında tətbiq oluna bilər. Əgər sürücü parklanma haqqını ödəyibsə və bu ödəniş sistemdə əksini tapıbsa, sonradan göndərilən cərimə vətəndaşın hüquqlarının pozulması deməkdir.
Hüquqşünas vurğulayır ki, texniki gecikmələr və tətbiqin ləng işləməsi sürücünün üzərinə məsuliyyət kimi yüklənə bilməz və belə hallarda cərimələr məhkəmə qaydasında mübahisələndirilə bilər.
Narazılıq doğuran digər məsələ isə tarif siyasətidir.
“Azparking” sistemində cəmi bir neçə dəqiqəlik dayanma üçün belə tam saatlıq ödəniş tələb olunur. Bu isə real istifadə ilə ödəniş arasında kəskin uyğunsuzluq yaradır.
Nəqliyyat üzrə ekspert Tale Ələddinzadə saytımıza bildirib ki, bu cür yanaşma parklanma mədəniyyətinin formalaşmasına deyil, sürücülərin sistemdən narazı qalmasına səbəb olur.
Onun sözlərinə görə, bir çox ölkələrdə parklanma dəqiqəlik və ya qısa intervallarla hesablanır və sürücüyə seçim imkanı verilir.
Azərbaycanda isə qısa müddətli dayanma üçün alternativ mexanizmin olmaması “Azparking”i daha çox cərimə yönümlü struktur kimi göstərir:
“Parklanmanın əsas məqsədi şəhər nəqliyyatını tənzimləmək və xaosu azaltmaq olmalıdır. Lakin mövcud sistem sürücüləri məlumatlandırmaq və yönləndirmək əvəzinə, onları fakt qarşısında qoyur. Tətbiqdə real vaxtda xəbərdarlıq mexanizmlərinin olmaması, ödəniş üçün qısa güzəşt müddətinin tanınmaması və nəzarətçilərin dərhal cərimə yazması bu fikri gücləndirir. “Azparking” xidmət mexanizmindən çox inzibati cərimə aləti təsiri bağışlayır. Sürücülər isə bu yanaşmanı ədalətsiz və qeyri-şəffaf hesab edirlər. Bu baxımdan tariflərin elastikləşdirilməsi, qısa müddətli parklanma üçün alternativlərin yaradılması və texniki səhvlərə görə sürücülərin cəzalandırılmaması sistemə olan etimadı qismən də olsa bərpa edə bilər. Əks halda, “Azparking” ətrafında narazılıqların daha da artacağı qaçılmaz görünür”.