AZ

Qulamhüseyn Əlibəyli: "İranın Zəngəzur dəhlizinə qarşı çıxmaq imkanı yoxdur"

"İranın ali dini rəhbəri Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti İranın Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə bəyan edib". 

"Cebheinfo.az" xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

O bildirib ki, Azərbaycanla bağlı olan hər hansı bir məsələyə Tehranın fars molla rejimi belə ağrılı yanaşır və sərt mövqe sərgiləməyə çalışır:

"Başqa sözlə, rəsmi Tehran hər zaman Azərbaycanla əlaqədar layihələri bloklamağa çalışır. Zəngəzur dəhlizi ilə bağlı məsələdə də bunu görürük. İran Bəndər-Abbas limanı vasitəsilə Avropa və Aralıq dənizinə çıxış əldə etməyi hədəfləyir.

Bununla da Şərq-Qərb marşrutu üzərində aparıcı qurum kimi qalmaq istəyir. Ona görə də rəsmi Tehranın mühafizəkar rejimi bu məsələlərin əleyhinə çıxır. Tehranın mühafizəkar fars molla rejiminin Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə  dilə gətirməsi İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması üçün təşəbbüslərin fəallaşdığı dovrə təsadüf etməsi diqqətçəkən məqamdır".

Onun sözlərinə görə, bu açıqlama adıçəkilən məsələyə münasibətdə İranın siyasi elitası daxilində Pezeşkian administrasiyası ilə fars molla rejimi arasında ziddiyyətlərin təzahürü də sayıla bilər:

"Belə ki, Pezeşkian administrasiyası bir tərəfdən İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində səy göstərir. Digər tərəfdən isə Zəngəzur dəhlizini (“Tramp marşrutu”) İranın həyati maraqlarına zidd hesab etmədiyini ifadə edir.

Dolayısı ilə həmin dəhlizin imkanlarından İranın da yararlanmasına nail olmaq üçün diplomatik fəallığını artırır. Məhz bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçının Azərbaycana səfəri də bu diplomatik fəallıq kontekstində nəzərdən keçirilməlidir.

Bu səfər regionda mövcud geosiyasi reallıqlar şəraitində Azərbaycanın real gücünün daha da artdığını, regional layihələrdə İranın maraqlarının nəzərə alınması və dəhlizin imkanlarından yararlanması üçün ilk növbədə Azərbaycanla müzakirələrin labüdlüyünün Pezeşkian administrasiyası tərəfindən etiraf olunduğunu göstərir".

Politoloq qeyd edib ki, Əli Əkbər Vilayətinin açıqlamalarının Pezeşkian administrasiyasının bu mövqeyinə qarşı olduğu şübhəsizdir:

"İranın mühafizəkar fars molla rejimi Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkət etmək, Azərbaycanla münasibətlərin normallaşmasına mane olmaq, daxildə isə Pezeşkian administrasiyasına təzyiqləri gücləndirmək niyyətindədir. Diqqətçəkən məqamlardan biri də bundan ibarətdir ki, mühafizəkar fars molla rejiminin “qırmızı xətt” elan etdiyi Ermənistan dəhliz məsələsində Azərbaycan, Türkiyə və ABŞ-la demək olar ki, eyni mövqeni bölüşür.

Görünən odur ki, Tehranın mühafizəkar fars molla rejiminin nümayəndələrinin bu kimi açıqlamaları regionda geosiyasi balansı dəyişmək və Zəngəzur dəhlizi ilə bağlı proseslərin gedişinə təsir göstərmək gücündə deyil. İndiki vəziyyətdə artıq İranın bu prosesə qarşı çıxmaq imkanı və ya rıçaqları yoxdur. Gec-tez Zəngəzur dəhlizi açılacaq, mühafizəkar rejim isə İranı prosesdən kənarda qoyacaq".

"Cebheinfo.az"

Seçilən
36
6
cebheinfo.az

7Mənbələr