AZ

Azərbaycanda əməkhaqqı belə ödəniləcək: İşçiyə xeyirdir, müdirə ziyan

Son günlər Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər əməkhaqqının verilmə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Təklif olunan yeniliklərə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir.

Eyni zamanda, işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq olduğu halda aylıq əməkhaqqı avans və qalan hissə olmaqla iki hissəyə bölünərək, on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə də verilə bilər. Bu dəyişiklik bəzi hallarda Azərbaycanda əməkhaqqının artıq ayda iki dəfə veriləcəyi kimi təqdim edilsə də, əslində söhbət məcburiyyətdən deyil, tərəflərin razılığı əsasında mümkün olan bir mexanizmdən gedir.

“Ayda iki dəfə əməkhaqqı ödəmək mümkün deyil”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsinin 172.1. maddəsi qismən dəyişdirilir: “Əvvəlki qayda belə idi ki, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir”.
S.Məmmədov bildirdi ki, yeni layihədə isə imperativlik aradan qalxır. Çünki praktikada ayda iki dəfə (avans və qalan hissə olmaqla ikiyə bölünməklə) əməkhaqqı ödəmək demək olar ki, mümkün deyil: “Xüsusən büdcədən maliyyələşən qurumlar bunu edə bilməyəcək. Çünki Maliyyə Nazirliyi əməkhaqqının ödənilməsi xəttini ayda iki dəfə açmağa razılıq verməyəcək. Ümumiyyətlə, bu, hesabatlılıqda da müəyyən problemlər yaradır. Ona görə yeni təklif olunan layihədə deyilir ki, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə də verilə bilər. Yəni "dəyişiklikdən sonra işçilərə əməkhaqqı ayda iki dəfə veriləcək" deyə bir şey yoxdur”.

“Əvvəl olan qayda məcburi idi”

Seçilən
2
2
publika.az

3Mənbələr