Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin işdən çıxarılan direktoru Rəfiqə Məmmədova vəzifədən azad edilməsini əsassız hesab edərək məhkəməyə müraciət edib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, iddiaçı Rəfiqə Məmmədova cavabdeh quruma qarşı işə bərpa, məcburi iş buraxmaya görə itirilmiş əməkhaqqının ödənilməsi və mediasiya xərclərinin tutulması tələbi ilə məhkəməyə iddia ərizəsi təqdim edib.
İddiaya əsasən, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında ləğv edilib. Keçmiş direktor bu əmrin ləğv olunmasını və əvvəlki vəzifəsinə bərpa edilməsini xahiş edir.
R.Məmmədova bildirib ki, 1980-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur, 2012-ci ildən isə sözügedən məktəbin direktoru kimi çalışıb. Onun sözlərinə görə, fəaliyyəti dövründə heç vaxt intizam tənbehi almayıb, dəfələrlə mükafat və fəxri fərmanlarla təltif olunub. O, eyni zamanda 10 ildən artıqdır ki, Mərkəzi Seçki Komissiyasının Şəmkir şəhəri üzrə 102 saylı seçki dairəsinin 13-cü məntəqəsinin sədri vəzifəsini icra edib.
R.Məmmədova qeyd edib ki, Qazax–Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə aparılan yoxlama zamanı irad kimi göstərilən hallar əsassız olub. Onun sözlərinə görə, I sinfə qəbul edilən şagirdlərin valideynləri elektron ərizə ilə müraciət edib və həmin şagirdlərin dərsə davamiyyəti qənaətbəxş olub. Buna baxmayaraq, ondan həmin sinfin bağlanması və şagirdlərin məktəbdən uzaqlaşdırılması tələb edilib.