AZ

Putin Avropa liderlərinə “donuz” dedi – Cavabı nə olacaq?

Rusiya Prezidenti Vladimir Putin Avropa liderləri və Qərbi növbəti dəfə açıq şəkildə təhqir edib.

Putin bu qalmaqallı ifadələri Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı səsləndirib.

Çıxışı zamanı Kremlin rəhbəri Ukraynada müharibəyə görə məsuliyyəti Qərbin üzərinə atıb və bildirib ki, müharibəni Rusiya deyil, məhz Qərb başlayıb. Putinin sözlərinə görə, ABŞ-nin əvvəlki administrasiyası vəziyyəti bilərəkdən gərginləşdirərək Ukraynanı müharibəyə sürükləyib.

Putin çıxışında Avropa liderlərini aşağılayıcı ifadələrlə hədəfə alaraq deyib ki, ABŞ və “Avropanın donuzcuqları” (европейские подсвинки) qısa müddət ərzində Rusiyanı daxildən dağıdacaqlarına inanırdılar. Onun sözlərinə görə, Qərb Rusiyanın iqtisadi, siyasi və hərbi baxımdan çökməsini gözləyib, lakin bu planlar tam iflasa uğrayıb.

Buradan bir neçə sual ortaya çıxır: Vladimir Putinin Avropa liderlərinə qarşı getdikcə daha açıq və təhqiramiz ritorikaya keçməsi hansı məqsədlərə xidmət edir: bu, daha çox daxili auditoriyaya hesablanmış siyasi mesajdır, yoxsa Rusiya–Qərb münasibətlərində real eskalasiyanın xəbərçisidir?

Bu cür ritorika Qərbin Rusiyaya qarşı siyasətində sərtləşməyə səbəb ola bilərmi, yoxsa artıq diplomatik diskurs tam tükənib?

Məsələ ilə bağlı siyasi şərhçi Heydər Oğuz NOCOMMENT.az-a verdiyi açıqlamasında bildirib ki, bütün savaşlarda söyüş ritorikasına keçiş iki səbəbdən baş verir:

“Ya düşmənin tam tükəndiyini hiss edirsən və onu öz üzərinə çəkmək üçün sərt sözlərlə qıcıqlandırırsan, ya da artıq savaşmaqdan başqa çarənin qalmadığını düşünür və gücün çatdığı qədər düşməni təhqir edib ona təzyiq göstərirsən.

Konkret olaraq, Putinin söyüş və hədə-qorxu ritorikasının nədən qaynaqlandığına gəlincə, zənnimcə, Rusiya prezidentini qəzəbləndirən yuxarıda səsləndirdiyim iki amilin ikisi də mühüm rol oynayır.

Yəni Putin məşhur atalar sözündə deyildiyi kimi, həm qorxur, həm də qorxudur.

Ona görə qorxur ki, insan resurslarına və iqtisadi gücünə görə nə qədər Ukraynadan müqayisə edilməz dərəcədə güclü olsa da, təkcə bu ölkə ilə savaşmadığının fərqindədir. Gözəl başa düşür ki, onun qarşısında əhali sayına görə 500 milyonluq Avropa İttifaqı dayanır. Bu İttifaq iqtisadi baxımdan da Rusiyadan ən azı 10 dəfə zəngindir. Rusiyanın ÜDM-u 2 trilyon dollardırsa, Avropa İttifaqında bu göstərici 20 trilyon dollar keçir. Bir də bu sıraya 3.5 trilyon dollarlıq ÜDM-na malik olan Böyük Britaniyanı qatsaq, aradakı fərq daha böyüyər.

Təbii ki, Ukrayna gərginliyi tammiqyaslı Avropa və Rusiya savaşına çevrilsə, ikincinin bu qarşıdurmadan salamat çıxma ehtimalı azdır. Məhz bu ehtimalı gözardı edə bilməyən Putin bacardığı qədər qarşısındakı rəqibinin gözünün odunu almağa çalışır. Ona görə də söyür, Avropa liderlərini aşağılayır. Qarşı tərəfin İkinci Dünya savaşından qalma xofunu qıcıqlandıraraq oyatmağa çalışır.

Əlində isə güclü psixoloji silahları da var. Söhbət avropalıların nüvə qorxusundan və rifah düşkünlüyündən gedir.

Putin hiss edir ki, Avropa dövlətləri Rusiyanın nüvə potensialından çəkinir. Üstəlik, onların arxasında hazırda ABŞ də yoxdur. İndiyədək Avropanın nüvə təhlükəsizliyini təmin edən ABŞ-nin öz qınına çəkilməsi, açıq şəkildə Monro doktrinasına qayıtmasını bəyan etməsi Putinin ən çox güvəndiyi psixoloji üstünlüyüdür”.

Heydər Oğuzun sözlərinə görə, bununla belə, ABŞ prezidentinin sabit-qədəm olmaması bu üstünlüyün ən zəif tərəfidir:

“Yaşananlardan asılı olaraq, ABŞ hakimiyyətinin yenidən öz mövqeyini dəyişib Avropanın yanında yer almaq ehtimalı da istisna deyil. Əvvəla, ABŞ təkcə ölkə başçısı tərəfindən idarə olunmur. Prezident qədər bu ölkənin idarəçiliyində digər dövlət və qeyri-dövlət qurumları da yer alır. Xüsusilə qlobal silah sənayesi maqnatları, böyük lobbilər, maliyyə qurumları, ABŞ Konqresi, ictimaiyyət və s. kimi amillər və onların maraqları Rusiya-Ukrayna savaşında güc balansını olduqca həssas vəziyyətə gətirir.

Putinin arxayınçılığına kölgə salan və onun yuxularını qaçıran ən ciddi təhlükə ABŞ-nin seçki sistemidir.

Məlum olduğu kimi, ABŞ-də hər iki ildən bir Konqresə seçkilər keçirilir. Seçkilərdə qələbə qazanmaq üçün partiyalar ən azı 1 il hazırlaşmalı olurlar. Konqres və Senat seçkilərinin nəticələri ABŞ prezidentinin ötkəmliyinə də təsir göstərir. Bu seçkilərdə partiyası uduzan prezidentlər, ABŞ politoloqlarının təbirilə desək, topal ördəyə çevrilirlər. Bir çox qərar və qanunları parlamentdən keçirə bilmirlər. Nəticədə ABŞ prezidentinə bel bağlayan xarici dövlətlər də uduzurlar”.

Siyasi şərhçi qeyd edib ki, məlumdur ki, gələn il ABŞ-də Trampın siyasi xarakterinə ciddi təsir göstərəcək aralıq seçkiləri keçiriləcək” ABŞ-nin seçki qanunvericiliyinə görə, 2026-cı il ABŞ Senatına seçkilər gələn il noyabrın 3-də keçiriləcək. Bu seçkilərə Senatın 3-də biri, yəni 33 senator mandat qazanacaq. Trampın liderlik etdiyi Respublikaçılar partiyasının Senatdakı üstünlüyünü qoruması üçün bu yerlərin yarısından çoxunu qazanması lazımdır. Əks halda Senat Demokratların əlinə keçəcək və bununla da Tramp öz güclü mövqeyini itirəcək. Nümayəndələr Palatasının bütün üzvlərinin – 435 konqresmenin hamısı da 2026-cı il seçkilərində bəlli olacaq. Yəni Nümayəndələr Palatasının bütün tərkibi dəyişəcək. Bunun səbəbi senatorlardan fərqli olaraq Nümayəndələr Palatasının üzvlərinin yalnız 2 illiyə seçilməsidir. Həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlüyünü əldən buraxmaq istəməyən Tramp istər-istəməz ABŞ ictimai rəyi ilə hesablaşmalıdır. Onun Rusiyanın yanında yer alması isə ABŞ seçicilərində xoş qarşılanmır. Aparılan rəy sorğuları göstərir ki, Tramp getdikcə nüfuzdan düşür. Onun populyarlığını itirməsində Rusiya ilə bağlı siyasəti də önəmli rol oynayır. Aydındır ki, Tramp aralıq seçkilərini qazanmaq üçün özünün Rusiya siyasətini yenidən nəzərdən keçirməlidir.

Bu isə o deməkdir ki, Putinin ABŞ-yə güvəncinin bir neçə aylıq zamanı qalıb. Bu bir neçə ay ərzində Ukraynada böyük üstünlük qazanmalı və Kiyevə öz şərtlərini qəbul etdirib kapitulyasiya masasında oturtmalıdır.

Əks halda, ABŞ aralıq seçkilərinə hazırlıq mərhələsinə qədəm qoyanda Rusiyanın güvəndiyi dağlara qar yağa bilər. Odur ki, Putin də nəticə əldə etməyə tələsir. Bu da onun rəqiblərinə qarşı aqressiyasını artırır, onu söyüş və təhqir ritorikasına baş vurmağa məcbur edir”.

Heydər Oğuz qeyd edib ki, Putini qorxudan digər amil Rusiyanın iqtisadi böhrana doğru sürüklənməsidir:

“Avropa enerji bazarını tamamilə itirən Rusiya məcburən Çin və Hindistan bazarına yönəlib. Amma bu bazarda da həssas dəngələr hökm sürür. İstər Çin, istərsə də Hindistanın ən böyük ticarət ortağı Avropa İttifaqıdır. Çinin Avropa İttifaqı ilə ildə 1 trilyon dollarlıq alış-veriş mübadiləsi olur. Hindistan Avropa ilə ticarət dövriyyəsi baxımından Çindən geri qalsa da, onun çox önəmli iqtisadi ortaqlarından biri də Aİ-dir.

Statistik rəqəmlər göstərir ki, bu iki dövlət arasında ümumi ticarət dövriyyəsi 2024-cü ildə artaraq 136 milyard avroya yüksəlmişdi. Aİ Hindistanın birinci və Hindistan isə Aİ-nin 9/10-cu ticarət tərəfdaşı olmuşdu. Bu rəqəmlər sübut edir ki, iki dövlət arasında ticarət əməkdaşlığı Avropadan çox Hindistana yarayır. Çünki 9-cu və ya 10-cu tərəfdaşı itirmək Avropa üçün çox böyük itki sayılmaz, ən böyük tərəfdaşı itirmək isə Hindistan üçün əvəzolunmaz itkidir. Avropa İttifaqı isə Hindistanın və Çinin Rusiya ilə əlaqələri bu qədər genişləndirməsini istəmir. Rusiya ilə ticarət əlaqələrini genişləndirənlərə qarşı da iqtisadi sanksiyalar tətbiq etmək barədə düşünür. Belə çətin durumda hər iki dövlətin Rusiyanı qurban verməkdən başqa çarələri qalmaya bilər.

Rusiyaya qarşı tətbiq olunan bu sanksiyalar isə onun döyüş qabiliyyətinə də mənfi yöndə təsir göstərər.

Bütün bunları hesaba qatanda Putinin niyə söyüşkən imicinə yuvarlandığını anlamaq çətin deyil. Adətən insan çarəsizləşdikcə, söyüşkən olmağa başlayır”.

Seçilən
56
nocomment.az

1Mənbələr