Madrid “Real”ının baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın braziliyalı cinah hücumçusu Rodriqo Qoesin çıxışını qiymətləndirib.
Arena.az ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Rodriqo komandamıza səmərə verir. O, topla və topsuz tarazlığı müəyyənləşdirir. Rodriqo çox yaxşı texnikaya malikdir. Məhdud məkanlarda xətlər arasında əla qarşılıqlı fəaliyyət göstərir. Ona görə şadam. Rodriqo hazırda əla vəziyyətdədir”, deyə Alonso vurğulayıb.
Yeri gəlmişkən, 44 yaşlı ispan mütəxəssis “qaymaqlılar”ın sükanı arxasındakı gələcəyi ilə bağlı suala da cavab verib:
“Ən əsası – komanda və klubdur”, deyə Xabo Alonso vurğulayıb.
“Real”ın prezidenti Florentino Peres də Rodriqo Qoesə rəğbət bəsləyir. O, Rodriqonun “Real”ın səviyyəsinə cavab verəcək qədər istedadlı olduğu və öz sözünü deyə biləcəyi qənaətindədir:
“Bu oğlan çox yaxşıdır… O, bunu mütləq sübut edəcək”, deyə Peres vurğulayıb.
Xatırladaq ki, xeyli müddətdir Rodriqo Qoesin “Real”dan ayrılacağı haqda şayiələr dolaşır. Onun xidmətində Avropanın bir neçə nəhəng klubu ciddi maraqlıdır.
Rodriqo Qoes “Santos”un yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2019-cu ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsində nəzərdə tutulmuş təzminat haqqı isə 1 milyard avro məbləğindədir.
Braziliyalı hücumçu cari mövsümdə “qaymaqlılar üçün 20 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Rodriqonun “Real”da çıxışının ümumi mənzərəsi 290 oyun, 70 qol və 53 məhsuldar ötürmədən ibarətdir.
Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisinin heəytində 37 oyuna 9 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.
