“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş oyununda meydan sahibləri 1:2 hesablı məğlubiyyətə üzülüblər.
Füzuli Məmmədov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. “Neftçi”ni yaxşı təhlil etmişdik. Meydana qələbə üçün çıxmışdıq. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Kiçik səhvlər 3 xal qazanmağımıza mane oldu. Amma bu, futboldur. Komandamızda yüksəlliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq. Daha güclü “Karvan” olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq.
Müdafiədə buraxdığımız səhvlər xalsız qalmağımızla nəticələndi. Rəqibin təzyiqi artdıqda səhvlər də artır. Biz bunları görürük. Səhvlərin sayı getdikcə azalır. İşləməklə bunun öhdəsindən gəlmək olar.
Bəzi futbolçularımız zədə ilə oynayırdı. Hansısa futbolçu bilərəkdən vaxt aparmırdı. Toqquşmalardan yaranan zədələr idi.
Bəzi mövqelər var ki, qışda gücləndirməliyik. Bunun üzərində çalışırıq. Rəhbərliklə danışırıq. Qışda mütləq güclənməliyik”.
