AZ

Qəbir və qəbiristanlıqlar mümkün qədər sadə olmalı, dünyanın faniliyini xatırlatmalıdır – İlahiyyatçı

Bəzən qəbiristanlıqlarda ölən şəxsin yaxınları tərəfindən dəbdəbəli qəbirüstü abidələr ucaldılır, yaxud dibçəklər, ağaclar, gül kolları əkilir. Bütün bunlar isə birmənalı qarşılanmır və müxtəlif suallar yaradır.

Doğrudur, cəmiyyətdə belə hallar ölən şəxsin yaxınının təskinliyi kimi qiymətləndirilir. Sanki bir insan ölən qohumunun və ya ailə üzvünün məzarını gül-çiçəyə qərq etməklə içini rahatladır, təsəlli tapmağa çalışır. Ancaq İslam dininin bununla bağlı nə dediyi hər kəsdə maraq doğurur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan ilahiyyatçı Elvüsal Məmmədov bildirib ki, hər şeydən əvvəl qəbiristanlıq və fərdi qəbirlər İslamın ölümə olan baxışını, onun fəlsəfəsini əks etdirməlidir:

“Qəbirlər və qəbiristanlıqlar mümkün qədər sadə olmalı, insanlara dünya həyatının faniliyini xatırlatmalıdır. Qəbiristanlığa gedərkən biz həm dünya həyatının müvəqqəti olduğunu yadımıza salmalı, həm də bunu qəbirlərin və ümumilikdə qəbirsanlığın görünüşündən hiss etməliyik. Eyni zamanda vəfat etmiş şəxsləri düşünərək onlar üçün Allaha dua etməliyik. Qəbirlər və qəbirsanlığın əsas mahiyyəti də məhz bu fəlsəfəni ifadə etməkdir”.

“Əgər kimsə vəfat etmiş şəxsin qəbir daşının ətrafına kiçik dekorativ güllər əkirsə və bu, sadəcə estetik zövqdən qaynaqlanırsa və ya mərhum onun üçün çox dəyərli biri olubsa, məsələn, övladı, həyat yoldaşı və ya çox əziz bir insandırsa, bu halda həmin güllər sevginin ifadəsi ola bilər. Əsas məsələ odur ki, bu cür bəzək elementləri insanı qəbiristanlığa gələndə Allahı xatırlamaqdan, dünyanın faniliyini düşünməkdən və mərhuma dua etməkdən yayındırmasın. Bu şərtlə, qəbir üzərində təmtəraqlı olmamaqla sadə güllərin əkilməsində hər hansı qəbahət yoxdur”, – ilahiyyatçı yekunlaşdırıb.

Seçilən
96
nocomment.az

1Mənbələr