Qahirə, 19 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə Koreya Ticarət Sığorta Şirkəti (K-Sure) arasında dəyəri 2 milyard Amerika Birləşmiş Ştatları (ABŞ) dolları olan Yaşıl Maliyyə sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, razılaşmanın hədəfi müxtəlif əməliyyatlar üzrə aşağı karbonlu layihələrin maliyyələşdirilməsidir.
"ADNOC" Qrupunun maliyyə məsələləri idarəsinin rəhbəri Xalid Əl-Zəabi bildirib ki, bu kredit razılığı ADNOC-un enerji sistemləri sahəsindəki keyfiyyətli transformasiyaların maliyyələşdirilməsinə sadiqliyini bir daha təsdiqləyir.
O əlavə edib ki, "Koreya Ticarət Sığorta Şirkəti" ilə əməkdaşlıq edərək, "ADNOC" yaşıl maliyyələşdirməyə daha geniş çıxış imkanı əldə edir, Cənubi Koreya ilə iqtisadi əlaqələrini gücləndirir və eyni zamanda, "ADNOC"-u dünya miqyasında aşağı karbonlu enerji sahəsində lider şirkətlərdən biri olaraq möhkəmləndirir.
Bu maliyyələşdirmə "ADNOC"-un Koreya İxrac Kredit Agentliyi tərəfindən dəstəklənən ilk yaşıl kredit maliyyələşdirməsidir. Bu, 2024-cü ildə "Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı" ilə imzalanmış 3 milyard ABŞ dolları dəyərindəki oxşar müqavilədən sonra gerçəkləşib.
"ADNOC" neft və qaz istehsalçıları arasında ən az karbon emissiyası olan şirkətlərdən biridir və 2030-cu ilə qədər əməliyyatlarının emissiya intensivliyini 25% azaltmağa davam edir.
Şirkət əməliyyatlarından yaranan emissiyaların azaldılması üzrə layihələrə 23 milyard ABŞ dolları sərmayə yatırır və eyni zamanda, hidrogen, geotermal və bərpaolunan enerji kimi yeni enerji mənbələrinin inkişafını sürətləndirir.
"ADNOC", həmçinin "Neft və qaz sektorunda emissiya azaltma paktı"nın qurucu üzvüdür. Bu ittifaqa daxil olan aparıcı milli və beynəlxalq şirkətlər 2030-cu ilə qədər metan emissiyalarını sıfıra yaxınlaşdırmalı və 2050-ci ilə qədər sıfır karbon emissiyalarına çatmalıdır.
Qahirə