Yeni araşdırmaya görə, qütb ayıları iqlim dəyişikliyi ilə əlaqədar artan temperatur şəraitinə tədricən uyğunlaşmağa başlayıb.
Ölkə.az xəbər verir ki, Britaniyanın East Anglia Universitetinin alimləri Qrenlandiyanın şimal-şərq və cənub-şərq bölgələrində yaşayan qütb ayılarından götürülən qan nümunələrini araşdırıblar.
Digər genlərin fəaliyyətinə təsir göstərə bilən və “sıçrayan genlər (transpozonlar)” adlandırılan kiçik DNT hissəciklərinin aktivliyi iki fərqli bölgədəki temperatur göstəriciləri ilə müqayisə edilib və buna uyğun genlərdəki dəyişikliklər analiz olunub.
Araşdırma nəticəsində Qrenlandiyanın cənub-şərqində yaşayan qütb ayılarında istilik stresi, qocalma və maddələr mübadiləsi ilə əlaqəli bəzi genlərin fərqli şəkildə fəaliyyət göstərdiyi müəyyənləşib.
Alimlər bildiriblər ki, DNT-də müşahidə olunan bu dəyişikliklər iqlim dəyişikliyi səbəbilə artan temperaturun nəticəsidir. Yəni qütb ayıları dəyişən genetik xüsusiyyətləri sayəsində getdikcə çətinləşən ekoloji şəraitə və yüksək temperatur şəraitinə uyğunlaşmağa başlayır.

Qütb ayılarının sayı iqlim dəyişikliyi nəticəsində dəniz buzlarının əriməsi və dəyişən iqlim şəraitinə uyğunlaşmaqda çətinlik çəkmələri səbəbilə hər il azalır.
Beynəlxalq Təbiəti Mühafizə Birliyinin məlumatına görə, dünyada təxminən 26 min qütb ayısı mövcuddur. Lakin iqlim dəyişikliyi və qlobal istiləşmə bu növ üçün ciddi təhlükə yaradır.
Əriyən dəniz buzları səbəbindən ov üsullarını dəyişməkdə çətinlik çəkən qütb ayıları sürətlə isinən Arktika bölgələrində yeni iqlim şəraitinə uyğunlaşmaqda çətinlik yaşayır və aclıq təhlükəsi ilə üz-üzə qalır.
Mütəxəssislər bildirirlər ki, lazımi tədbirlər görülməzsə, bir neçə kiçik populyasiya istisna olmaqla, qütb ayılarının böyük əksəriyyəti 2100-cü ilə qədər nəsli tükənmə təhlükəsi ilə üzləşə bilər.
Qeyd edək ki, araşdırmanın detalları “Mobile DNA” adlı elmi jurnalda dərc olunub.(Yeni Sabah )