AZ

Kolumbiya prezidentindən Trampa sərt cavab: “ABŞ Texası və Kaliforniyanı işğal edib”

Kolumbiya prezidenti Qustavo Petro ABŞ-ın keçmiş prezidenti Donald Trampın Venesuela nefti ilə bağlı iddialarına sərt reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, Petro ABŞ-ın öz tarixində həyata keçirdiyi ərazi genişlənməsini xatırladaraq Vaşinqtonun mövqeyindəki ziddiyyətlərə diqqət çəkib.

“Texas işğal olunmuş ərazidir. O, satılmayıb — zorla ələ keçirilib. Eyni şey Kaliforniya və ABŞ-ın bütün cənub hissəsi üçün də keçərlidir”, – deyə Kolumbiya prezidenti bildirib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, heç bir Latın Amerikası lideri ABŞ-a müraciət edib “bu torpaqları bizdən oğurlamısınız, geri qaytarın” demir. Petro məhz bu kontekstdə Trampın Venesuela nefti ilə bağlı iddialarını tənqid edib.

“Buna baxmayaraq, Tramp Venesuela nefti haqqında deyə bilir ki, ‘onu mənə qaytarın, çünki məndən oğurlanıb’. Bu necə olur?” – deyə Petro sual edib.

Kolumbiya lideri çıxışında hərbi təzyiq və güc dilini rədd edərək dialoqa çağırış edib. Onun fikrincə, beynəlxalq münasibətlər raketlərin hədəfi altında deyil, bərabərhüquqlu danışıqlar masası arxasında qurulmalıdır: “Gəlin razılaşma əldə edək. Gəlin hər şeyi danışıqlar masasına çıxaraq və bərabər tərəflər kimi müzakirə edək, yoxsulların üzərinə tuşlanan raketlərin kölgəsində yox”.

Prezidentin bu bəyanatı Latın Amerikasında ABŞ-ın xarici siyasətinə qarşı artan narazılığın növbəti açıq ifadəsi kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, Petro Trampın ritorikasına cavab verməklə yanaşı, Vaşinqtonun ikili standartlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışıb.

Seçilən
66
nocomment.az

1Mənbələr