Dekabrın 16-da Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib.
Aznews.az xəbər verir ki, film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və “Bakı Media Mərkəzi”nin birgə layihəsidir.
Nizami Kino Mərkəzində “Harmoniya” sənədli filminin təqdimatı dövlət qurumlarının təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dini icmaların rəhbərlərinin, media nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilib. Təqdimat mərasimində filmin ideya və məqsədləri, həmçinin ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin əhəmiyyəti barədə çıxışlar edilib.
Filmin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində, dini ibadətgahlarda, eyni zamanda ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə noyabrın 5-də Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalında aparılıb.