SpaceX-in Starship kosmik gəmisinin qəzaya uğraması Karib dənizi üzərində uçan üç sərnişin təyyarəsini ciddi şəkildə təhlükəyə atıb.
"Ölkə.az" xəbər verir ki, The Wall Street Journal (WSJ) qəzeti bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sənədlərinə istinadən yazıb.
WSJ-nin məlumatına görə, kosmik gəmi buraxılışdan bir neçə dəqiqə sonra partlayıb, lakin SpaceX dərhal FAA-ya məlumat verməyib. FAA bu məlumatı tələb edir ki, hava nəqliyyatı dispetçerləri sonradan pilotları dağıntı sahələri barədə xəbərdar edə və təyyarələri oradan yayındıra bilsinlər.
Hadisə təxminən 450 nəfər daşıyan üç təyyarəni təhlükəyə atıb. FAA sənədlərində kosmik gəminin partlamasının yanan dağıntıları 50 dəqiqə ərzində səpələdiyi və bunun da üzərindən uçan təyyarəyə dəyə biləcəyi bildirilib. Hava nəqliyyatı dispetçerlərinin səyləri sayəsində fəlakətin qarşısı alınıb.
17 yanvarda SpaceX Starship prototipinin yeddinci sınaq uçuşu zamanı sıradan çıxması barədə məlumat verib. Daha sonra şirkətin sahibi Elon Musk qəzanın səbəbinin yanacaq sızması olduğunu bildirib.
Elvin
Ölkə.az