Abşeron rayonu, Xırdalan şəhər sakini Ülviyyə Məmmədova səhvən başqasının hesabına köçürmə etdiyi pulu geri ala bilmir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, o, 1000 manat pulunu səhvən başqa karta göndərib.
“Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edən Ülviyyə Məmmədovanın sözlərinə görə, 18 dekabr tarixində marketlərin birində ödəniş sistemi vasitəsilə tanışına 1000 manat pul göndərmək istəyib. Lakin diqqətsizlik nəticəsində vəsaiti səhvən başqa bir bank kartına köçürüb.
Sistem üzərindən aparılan əməliyyat zamanı pulun göndərildiyi şəxsin adı Pərvanə Yaqublu kimi qeyd olunub. Buna baxmayaraq, zərərçəkən tərəf qarşı tərəflə əlaqə saxlaya bilmədiyini bildirir. Onun sözlərinə görə, nə həmin şəxsi tapmaq mümkün olur, nə də bank kart sahibinin məlumatlarını təqdim edir.
Ülviyyə Məmmədova bildirir ki, hazırda borclu olduğu şəxs hər gün pulu tələb edir. Bu isə onun vəziyyətini daha da çətinləşdirir. Zərərçəkənin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti üzrə müvafiq banka və Abşeron Rayon Polis İdarəsinə rəsmi müraciət edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılması gözlənilir.
Hüquqşünas Şamil Paşayev deyir ki, bu məsələdə vətəndaşlar maksimum diqqətli olmalıdırlar, çünki səhv göndərilən vəsaitin geri qaytarılması mümkündür, amma qəlizdir.
Şamil Pşayevin sözlərinə görə, belə hallarla üzləşən vətəndaşlar ilk növbədə bank vasitəsilə pulun köçürüldüyü kart hesabının sahibinə, həll olunmadığı təqdirdə isə məhkəməyə müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.