AZ

Kombinin daha az qaz sərfiyyatı üçün nələr edilməlidir?

Kombinin az qaz sərf etməsi üçün əsas məqsəd onu düzgün rejimdə və stabil işlətməkdir. İnsanlar kombinin daha az qaz sərfiyyatı etməsi üçün bir sıra üsullardan istifadə edirlər.

 

Bəs daha az qaz sərfiyyatı üçün adı çəkilən üsulların əsası varmı?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən kombi mütəxəssisi Fətullah Nəsirlinin sözlərinə görə, kombinin az qaz sərfiyyatı üçün çəkilən videoların çoxu yalandır:

 

“Məsələn, 100 kv evdə yaşayırsınız, qaz isə 100 manat yazır. Buna imkanı çatmayan ailələr var, hava isə soyuqdur, kombi işləməlidir. Bunun üçün birinci mərhələ radiatorlar sistemi dəyişməlidir. Kollektor sistemi yığılır, dəngə qabı və dövriyyə mühərriki quraşdırılır. Bu zaman verilən xərcdə azalma olur. Azərbaycanda hermetik kombidən istifadə edilir. Hermetiki də ləğv edilib yoğuşmalı ilə əvəzlənərsə, bu xərc daha da azalar. Yoğuşmalı kombidə yanma zamanı çıxan buxarın istiliyindən yenidən istifadə edir, daha az qaz sərf edir, qənaətcildir, səmərəliliyi yüksəkdir. Hermetik kombi yanma üçün havanı çöldən alır, qazı da çölə atır, boru sistemi ilə işləyir, təhlükəsizdir, mənzil üçün uyğundur”.

 

Mütəxəssis onu da əlavə edib ki, kombi işləyən zaman pəncərələrin çox açıq qalması tövsiyə edilmir: “Əks halda kombi daha çox gücə düşür və qaz sərfiyyatı daha çox gedir. Otağın ölçüsünə uyğun radiatorlar düzgün seçilməlidir. Radiatorların giriş və çıxışı məsələsində kombinin kilovat gücü nəzərə alınmalıdır. Radiatorun ölçüsü otağın sahəsinə uyğun olmalıdır. 50 kvadratmetrlik qonaq otağına balaca, 6 seksiyalı radiator quraşdırılıbsa, bu zaman kombi gücə düşərək işləyir. Yeni nəsil kombilərdə dəngə qabı daxili olur və sistem iki dövriyyə mühərriki ilə işləyir. Lakin bu tip kombilər bahalı olduğu üçün əksər hallarda dəngə qabı və dövriyyə mühərriki sonradan ayrıca quraşdırılır. İdeal istilik üçün kombinin temperaturu 50–55 dərəcə arasında tənzimlənməsi tövsiyə olunur”.

 

Şəhanə Quliyeva

Tarix: 22 Dekabr 2025, 08:01   
Seçilən
23
pravda.az

1Mənbələr