AZ

"Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard manatı keçdi

"Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard manatı keçdi

“Bakı Metropoliteni” QSC 2024-cü ili böyük maliyyə zərəri ilə başa vurub. Səhmdar cəmiyyətinin maliyyə hesabatına əsasən, ötən il metro 139,616 milyon manat zərərlə işləyib.

“Report”un məlumatına görə, bu göstərici 2023-cü illə müqayisədə 81,6 faiz çoxdur. Nəticədə “Bakı Metropoliteni”nin yığılmış zərəri 4,7 faiz artaraq 3 milyard 109,540 milyon manata çatıb.

2024-cü ildə metronun sərnişindaşımadan əldə etdiyi gəlirlər 100,647 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 20,6 faiz çoxdur. Hökumət subsidiyalarından daxilolmalar 50 milyon manat təşkil edib və bu göstərici 30,2 faiz artıb.

Digər əməliyyat gəlirləri 5,008 milyon manat olub və 4,4 faiz azalıb. Əsas vəsaitlərin dəyərsizləşməsi üzrə xərclər isə 148,012 milyon manat təşkil edərək 86,6 faiz artıb.

İşçi heyəti ilə bağlı xərclər 86,284 milyon manat (15,4 faiz artım), elektrik enerjisi xərcləri 13,934 milyon manat (3,7 faiz artım), köhnəlmə və amortizasiya xərcləri 12,218 milyon manat (0,3 faiz artım) olub.

Mal-material xərcləri 11,37 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 50,8 faiz çoxdur. Komissiya xərcləri 5,032 milyon manat (20,6 faiz artım), təmizlik xərcləri 4,09 milyon manat (8,9 faiz artım) səviyyəsində olub.

Su xərcləri 3,392 milyon manat təşkil edib və 11 faiz azalıb. Yavaş dövr edən mal-materiallar üzrə ehtiyat xərcləri 3,085 milyon manat olub. Yanacaq xərcləri 902 min manat (29,4 faiz artım), sığorta xərcləri isə 362 min manat (38,4 faiz azalma) qeydə alınıb.

Digər xərclər 5,492 milyon manat (89,5 faiz artım), maliyyə xərcləri 722 min manat (8,7 faiz azalma), xarici valyuta mübadiləsindən xalis zərər isə 376 min manat (6,3 dəfə artım) təşkil edib.

2025-ci il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 418,818 milyon manat olub ki, bu da illik müqayisədə 1 faiz çoxdur. Metronun öhdəlikləri 34 faiz artaraq 33,287 milyon manata çatıb, balans kapitalı isə 1,1 faiz azalaraq 385,531 milyon manata düşüb.

Xatırladaq ki, “Bakı Metropoliteni” indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” SC-nin birləşdirilməsi ilə yaradılıb. Qurumun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manatdır.

Seçilən
37
12
afn.az

10Mənbələr