Biz son üç il ərzində Prezident İlham Əliyevin 2022-ci ildə verdiyi tapşırıqlara əsaslanaraq fəaliyyət göstərmişik. Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin etdiyi çıxış isə növbəti mərhələ üçün qarşımızda duran vəzifələri açıq şəkildə müəyyənləşdirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.
“Bu günə qədər beynəlxalq təşkilatlara və onların rəhbərlərinə 119 müraciət məktubu ünvanlamışıq və bu müraciətlərin heç biri cavabsız qalmayıb. Eyni zamanda, İcmanın hazırladığı 11 sənəd BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, İqtisadi və Sosial Şuranın rəsmi sənədi kimi BMT-yə üzv olan bütün dövlətlər arasında təşkilatın bütün rəsmi dillərində yayılıb.