AZ

Xalqımız Liderinin ətrafında sıx birləşərək, gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq əzmindədir - ŞƏRH

Bakı, 22 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğunlaşdırılmaqla qətiyyətlə davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını, dövlətçiliyimizin möhkəmlənməsini, qüdrətli Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artmasını təmin etdi. Əldə olunan tarixi nailiyyətlər regionda yeni əməkdaşlıq və tərəfdaşlıq formatlarının təməlini qoyub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Dövlətimizin başçısının milli maraqlara söykənən, müstəqil və çoxvektorlu xarici siyasət kursunun ölkəmizə beynəlxalq müstəvidə nüfuzlu və qüdrətli dövlət, etibarlı tərəfdaş kimi böyük hörmət və ehtiram qazandırdığını söyləyən deputat bildirib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Ordumuzun şücaəti və xalqımızın yenilməz iradəsi sayəsində Vətən müharibəsində və antiterror əməliyyatlarında əldə edilən möhtəşəm zəfərlərlə tarixi ədalət bərpa edildi, xalqımız sarsılmaz birliyini, gücünü və iradəsini bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci il müstəqil Azərbaycan tarixinə regionda sülhün və əmin-amanlığın bərqərar olduğu il kimi yazıldı. Cari il avqustun 8-də bütün dünya Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş layihəsinin paraflanması ilə bölgədə sabitliyin möhkəmlənməsi və uzunmüddətli təhlükəsizliyin təmin olunması istiqamətində mühüm tarixi hadisəyə şahidlik etdi. Azərbaycan Prezidentinin Vaşinqton səfəri, aparılan müzakirələr, imzalanan sənədlər Azərbaycan diplomatiyasının parlaq uğuru, ölkəmizin beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından biri kimi güclü mövqeyinin növbəti təzahürüdür.

Deputat bu tarixi nailiyyətlərin uzun illər ərzində Prezidentimiz tərəfindən aparılan məqsədyönlü, nəticəyə hesablanmış, müdrik siyasətin sayəsində əldə olunduğunu söyləyib. Qeyd edib ki, ölkə başçısının müəyyənləşdirdiyi uzunmüddətli inkişaf strategiyası əsasında ardıcıl islahatların həyata keçirilməsi, müasir və çevik iqtisadi idarəetmə modellərinin tətbiqi nəticəsində ölkəmizdə iqtisadi dayanıqlılıq və inklüziv inkişaf uğurla təmin edildi. Rəqəmsal iqtisadiyyata keçid proseslərinin sürətləndirilməsi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ölkəmizdə investisiya cəlbediciliyinin yüksəlməsinə və rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasına zəmin yaratdı. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi, idxaldan asılılığın azaldılması, qeyri-neft ixrac potensialının artırılması, sahibkarlıq subyektlərinin inkişafı və insan kapitalının gücləndirilməsi üzrə həyata keçirilən kompleks tədbirlər ölkəmizdə makroiqtisadi sabitliyin qorunmasına və ümumi daxili məhsul istehsalının artmasına əlverişli şərait yaratdı.

Dövlətimizin başçısının təşəbbüsü və birbaşa nəzarəti ilə reallaşdırılan strateji əhəmiyyətli enerji layihələrinin Avropanın enerji xəritəsini yenidən formalaşdırdığını söyləyən Milli Məclisin deputat ölkəmizdə bütün istiqamətlərdə, eləcə də energetika sektorunda həyata keçirilən ardıcıl islahatların, infrastruktur layihələrinin, çoxşaxəli ixrac-nəql marşrutlarının inşasının ölkəmizin və regionun iqtisadi inkişafında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

Mircəlil Qasımlı bildirib ki, ölkəmizdə beynəlxalq standartlara uyğun nəqliyyat infrastrukturunun qurulması, müasir hava limanlarının inşası, dəmir yolunun təkmilləşdirilməsi istiqamətində uğurla icra olunan layihələr Azərbaycanın qlobal nəqliyyat və logistika xəritəsinin formalaşmasında, eləcə də Orta Dəhliz marşrutundakı strateji mövqeyini daha da möhkəmləndirib.

Azərbaycanın bu gün dayanıqlı sosial-iqtisadi inkişafını uğurla təmin etdiyini qeyd edən deputat bildirib ki, icra olunan dövlət proqramları, investisiya layihələri xalqımızın sosial rifahının durmadan yaxşılaşmasına xidmət edir. Ölkə başçısının ardıcıl islahatlar kursu nəticəsində əhalinin sosial müdafiəsi ötən illər ərzində daha da gücləndirilib, bu sahədə idarəetmə qabaqcıl təcrübələr və müasir yanaşmalar əsasında təkmilləşdirilib. Eyni zamanda, xalqımızın sağlam və təhlükəsiz mühitdə yaşaması, gələcək nəsillər üçün isə daha təmiz və dayanıqlı Azərbaycanın qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu xüsusda, ətraf mühitin və ekoloji tarazlığın qorunması, yaşıllıqların mühafizəsi və genişləndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində reallaşdırılan mühüm Dövlət proqramlarını, strateji layihələri xüsusi qeyd olunmalıdır. Bu işlərin nəticəsidir ki, Azərbaycan dünya birliyinin yekdil qərarı ilə 2024-cü ildə COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etdi.

“Azərbaycan Prezidentinin xüsusi diqqət ayırdığı sahələrdən biri də təbii ki, ordu quruculuğu idi. Ötən illər ərzində maddi-texniki bazası və döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilən Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrildi. Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri zamanı yüksək peşəkarlıq və böyük şücaət nümayiş etdirərək tarixi torpaqlarımızı işğaldan azad etdi, gücü bütün dünyaya nümayiş etdirdi”, - deyə deputat vurğulayıb.

Ölkə başçısının ardıcıl islahatlar kursu çərçivəsində elm və təhsil sahələrinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, tədqiqat və tədrisin məzmunca yenilənməsi, qabaqcıl pedaqoji model və mexanizmlərin tətbiqi, elm və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də böyük uğurların əldə olunduğunu qeyd edən Mircəlil Qasımlı bildirib ki, Prezident İlham Əliyevin dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafını, rəqabətədavamlı və vətənpərvər gənc kadrların hazırlanmasını təmin etdi. Vətən müharibəsində Azərbaycan gənclərinin nümayiş etdirdiyi qəhrəmanlıq dövlət gənclər siyasətinin ən parlaq təzahürüdür.

Deputat qeyd edib ki, bu gün qüdrətli Azərbaycan tarixin ən nəhəng quruculuq prosesini öz gücü hesabına həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sürətlə bərpa olunur. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı istiqamətində bütün işlər dövlətimizin başçısının birbaşa nəzarəti ilə uğurla həyata keçirilir.

“Bir sözlə, dövlətimizin başçısının ölkəmizin milli maraqlarına əsaslanan məqsədyönlü, nəticəyə hesablanmış siyasəti Azərbaycanın dayanıqlı inkişafını təmin edərək, şanlı zəfərlərimizin əldə olunmasını təmin etdi. Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazilərində keçirilən və tarixə Zəfər seçkisi kimi yazılan prezident seçkilərinin nəticələri xalqımızın Prezident İlham Əliyevin tarixi zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə inam və etimadını növbəti dəfə nümayiş etdirdi. Xalqımız Liderinin ətrafında sıx birləşərək, gələcək nəsillərə daha güclü və qüdrətli Azərbaycan miras qoymaq əzmindədir”, - deyə M. Qasımlı vurğulayıb.

Seçilən
281
azertag.az

1Mənbələr