AZ

Hərəkət məhdudiyyətli qadın mühəndis kosmosa çıxdı

Hərəkət məhdudiyyətli qadın mühəndis kosmosa çıxdı

Almaniyalı bir qadın mühəndis şənbə günü Blue Origin-in uçuşu ilə kosmosa göndərilən ilk hərəkət məhdudiyyətli şəxs kimi tarixə düşüb.

Amerikalı milyarder Ceff Bezosun sahibi olduğu kosmik şirkət New Shepard adlı yarımorbital missiyanı Texasdakı mərkəzindən yerli vaxtla saat 08:15-də həyata keçirib.

Avropa Kosmik Agentliyində aviasiya və mekatronika mühəndisi kimi çalışan Miçela Benthaus təxminən 10 dəqiqə davam edən uçuş zamanı kosmosun beynəlxalq sərhədi hesab olunan Karman xəttini keçən sərnişinlər arasında yer alıb.

Dağ velosipedi qəzasından sonra onurğa beyni zədəsi alan və həmin vaxtdan etibarən əlil arabasından istifadə edən Benthaus uçuşdan əvvəl yayımlanan videoda əlilliyi olan şəxslərin qarşılaşdığı çətinliklərə diqqət çəkib.

İnklüziv cəmiyyət mesajı

Benthaus qəza sonrası dünyanın əlilliyi olan insanlar üçün nə qədər əlçatmaz olduğunu anladığını bildirərək, “Əgər inklüziv bir cəmiyyət olmaq istəyiriksə, bunu yalnız istədiyimiz sahələrdə deyil, bütün sahələrdə etməliyik” deyib.

Tamamilə avtonom olan kiçik raket şaquli şəkildə havaya qalxdıqdan sonra turistləri daşıyan kapsul raketdən ayrılıb.

Kapsul paraşütlərin köməyi ilə sürətini azaldaraq Texas səhrasına yumşaq eniş edib. Bu uçuş Blue Origin-in New Shepard raketi ilə həyata keçirdiyi 16-cı pilotlu missiya olub.

NASA rəhbərindən təbrik mesajı

NASA-nın yeni rəhbəri Cared Ayzekman sosial şəbəkədə etdiyi paylaşımda Benthausu təbrik edərək, “Təbriklər, Miçi! Sən milyonlarla insana göyə baxmaq və nələrin mümkün olduğunu xəyal etmək üçün ilham verdin” ifadələrini işlədib.

Qeyd edək ki, bu günə qədər Blue Origin ilə aralarında müğənni Keti Perri və “Star Trek” serialında Kapitan Kirk obrazını canlandıran Uilyam Şatnerin də olduğu onlarla şəxs kosmosa səyahət edib.

Şirkət tanınmış simaların iştirakı ilə özəl kosmik şirkətlər arasındakı rəqabətdə ictimai marağı canlı saxlamağı hədəfləyir.

Virgin Galactic də oxşar yarımorbital uçuş təcrübəsi təqdim edir, Blue Origin isə eyni zamanda İlon Maskın SpaceX şirkəti ilə orbital uçuş bazarında rəqabət aparmağı planlaşdırır.

Bezosun şirkəti bu il New Shepard-dan xeyli güclü olan nəhəng New Glenn raketi ilə iki uğurlu pilotsuz orbital uçuş həyata keçirmişdi.

Seçilən
118
3
afn.az

4Mənbələr