AZ

“Azərbaycandan neft məhsullarının davamlı idxalı hesabına Ermənistanın yanacaq bazarında rəqabətin artımı əldə edilə bilər”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükü gerçəkləşib. “APA-Economics”in məlumatına görə, 22 vaqonda 1 220 ton Aİ-95 markalı avtomobil benzini yüklənərək Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisi ilə Ermənistana çatdırılacaq. Məlumata əsasən, bu tədarük 28 noyabrda Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan arasında baş tutan görüşdə əldə edilən razılaşmaya əsasən həyata keçirilib. İxrac sırf kommersiya xarakterlidir və neft məhsulları beynəlxalq bazar qiymətləri ilə satılır.

Qeyd edək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi dekabrın 5-də tərəfdaşlardan yanacağın Gürcüstan ərazisindən tranziti üçün müraciət aldığını və Baş nazirin göstərişi ilə bu yükün dəmiryolu ilə tamamilə pulsuz daşındığını açıqlayıb.

SOCAR-ın Ermənistana benzin ixrac etməsi hansı iqtisadi və ya strateji məqsədlərə xidmət edir?Bu addımın regiondakı siyasi münasibətlərə və Azərbaycanın enerji siyasətinə təsirləri nə ola bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına neft sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, prosesə artıq həm də nəqliyyat sektoru və maliyyə qurumları da cəlb olunur.

İlham Şaban

“Əvvəla, bu hal bir daha rəsmi Bakı və İrəvanın Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir. İkincisi, bu ticari əməliyyatın kommersiya xarakteri daşımasıdır, yəni tərəflər arasında alqı-satqı müqaviləsi çərçivəsində həyata keçirilir. Bu, həm də təkcə iki ölkə arasında neft məhsullarının ticarəti ilə məhdudlaşmır. Çünki prosesə artıq həm də nəqliyyat sektoru və maliyyə qurumları da cəlb olunur (hətta üçüncü tərəfin iştirakı ilə olsa belə), çünki satdığımız yanacağın pulunun ödənilməsi var ortada. Mən bunu həmçinin Ermənistanın neft məhsulları bazarında yeni tədarük mənbəyinin açılması, onun idxalının şaxələndirilməsi yolunda atılmış bir addım kimi qiymətləndirirəm.

Bir məsələni də qeyd edim ki, postsovet dönəmində Ermənistanın neft məhsulları və ümumiyyətlə, enerji bazarında Rusiya böyük çəkiyə sahib olub və qalmaqdadır. Bu kontekstdə Azərbaycandan neft məhsullarının gələcəkdə davamlı idxalı hesabına Ermənistanın yanacaq bazarında rəqabətin artımı əldə edilə bilər”, - deyə İlham Şaban vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
icma.az

1Mənbələr