AZ

Türkiyədə Ermənistanla sərhədin açılması üçün hazırlıq başlayıb - KİV

BAKI, 22 dekabr. TELEQRAF

Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesi çərçivəsində sərhəd-keçid məntəqələrinin açılması istiqamətində işlər sürətlənib. Bu kontekstdə iki ölkə arasında mühüm keçid nöqtələrindən biri olan Alican sərhəd-keçid məntəqəsində texniki araşdırma və hazırlıq tədbirləri başlanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Ermenihaber” məlumat yayıb.

Mənbə bildirib ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra sülh sazişinin paraflanması Ankara və İrəvan araqsında normallaşma prosesinə də töhfə verib:

“Bu prosesin praktik addımlarından biri kimi, Azərbaycanın ötən həftə Ermənistana yanacaq tədarükü həyata keçirməsi ilk ticarət təşəbbüsü olub. Türkiyə ilə Ermənistan arasında diplomatik təmasların irəliləməsi fonunda Alican keçid məntəqəsində aparılan işlərin məqsədi ilkin mərhələdə keçidi Marqara körpüsü vasitəsilə yükdaşımaları üçün açmaq, sonrakı mərhələdə isə sərnişin daşımalarına imkan yaratmaqdır.

Layihə çərçivəsində Alican üçün əlavə yolun tikintisi nəzərdə tutulur. Yolun Karakoyunlu rayonu qovşağı və Zəngəzur dəhlizinə birləşdirilməsi planlaşdırılır ki, bu da Iğdır istiqamətində əlaqələrin yaxşılaşdırılması və regional ticarət və logistika imkanlarının artırılmasına şərait yaradacaq.

Bu məqsədlə Alican keçid məntəqəsində Iğdır valisi Ercan Turan, Miqrasiya Xidmətinin rəhbəri Hüseyn Kökrə, Müdafiə Nazirliyinin Logistika Baş İdarəsinin müvəqqəti rəhbəri general-mayor Ahmet Hamdi Ataç və bir sıra dövlət qurumlarının nümayəndələri tərəfindən araşdırma aparılıb. Sərhəd zonasında texniki infrastrukturun təkmilləşdirilməsi, mövcud standartların yüksəldilməsi və logistik potensialın gücləndirilməsi məsələləri müzakirə olunub”.

Seçilən
13
1
teleqraf.com

2Mənbələr