ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Goranboy rayonunda 1993-cü il təvəllüdlü Daşqın şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Güloğlan Əkbərova xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2 iyul 2025-ci ildə Goranboyun Borsunlu kəndində baş verib. Daşqın aralarında şəxsi münasibətlərin pozulması zəminində Güloğlanın üz nahiyyəsindən qəsdən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Güloğlanı həmkəndlisi olaraq tanıyır, əvvəllər aralarında ədavət olması səbəbindən münaqişə baş verib: “İyulun 2-də, təxminən saat 17 radələrində iribuynuzlu heyvanları otarmaq məqsədi ilə Borsunlu kəndi ərazisində yerləşən otlaq sahəsinə apardım. Həmin vaxt Güloğlan da həmin sahədə olmasını gördüm. Bu zaman o, məni gördü, mən olduğum istiqamətə gəldi. Əlində olan ağac parçası ilə mənim baş və boyun nahiyyəmdən vurdu. Həmin an Güloğlanın əlində olan ağac parçasını aldım və kənara atdım. Daha sonra yumruqla onun üz nahiyyəsindən iki dəfə vurdum. Güloğlan zərbənin təsirindən yerə yıxıldı. Həmin an baş nahiyyəmin qanamasını hiss etdim. Bu səbəbdən də həmin yerdən uzaqlaşaraq yaşadığım evə getdim”.Goranboy Rayon Məhkəməsinin hökmü ilə Daşqın 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə Goranboy rayonu Borsunlu kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.