AZ

Ekspert: Azərbaycanda rəqəmsal hökumət xidmətləri istifadəçi mərkəzli model əsasında inkişaf etdirilir

Bakı, 22 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanda tətbiq olunan “mygov” platforması dünyanın ən qabaqcıl və müasir rəqəmsal hökumət modellərinə tam uyğun şəkildə qurulub. Platforma Böyük Britaniyanın 2013-2014-cü illərdən tətbiq etdiyi və “Rəqəmsal hökumət 2.0” kimi tanınan qabaqcıl konsepsiya əsasında formalaşdırılıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, İT üzrə mütəxəssis Fərid Kazımov bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə elektron hökumət xidmətləri əsasən ayrı-ayrı elektron xidmətlər üzərindən təqdim olunurdusa, hazırda Azərbaycan bu yanaşmadan imtina edərək “user-centric” (istifadəçi mərkəzli) modelə keçib. Bu modeldə vətəndaş mərkəzdə dayanır və bütün xidmətlər onun ehtiyacları ətrafında formalaşdırılır.

F.Kazımov qeyd edib ki, “mygov” platformasında xidmətlər artıq “həyat hadisələri” formatında təqdim olunur. Belə ki, evlənmə, uşağın doğulması, vəfat halları kimi konkret həyat hadisələri üzrə bir neçə dövlət xidmətinin paket şəklində vətəndaşa təqdim edilməsi prosesi xeyli sadələşdirir. Bu yanaşma vətəndaşların ayrı-ayrı qurumlara müraciət etmədən bir platforma üzərindən bütün zəruri xidmətləri rahat şəkildə əldə etməsinə imkan yaradır.

Mütəxəssis vurğulayıb ki, “mygov” platforması dövlət qurumlarında məhsul yanaşması və sistemli idarəetmə təfəkkürünün formalaşdığını göstərir. Bu yanaşma hazırda bir çox hallarda hətta özəl sektorda belə müşahidə olunmur.

Onun sözlərinə görə, platformanın rahat və komfortlu istifadəsi “mygov” istifadəçilərinin sayının sürətlə artmasına səbəb olub. Hazırda istifadəçilərin sayı 2 milyonu ötüb və yaxın illərdə bu göstəricinin iki, hətta üç dəfə artacağı gözlənilir.

Fərid Kazımov əlavə edib ki, “mygov” portalı beynəlxalq standartlara tam uyğundur və hazırda dünyada tətbiq olunan ən müasir rəqəmsal hökumət modelidir. O, Azərbaycanın bu sahədə qabaqcıl təcrübəni tətbiq etməsini yüksək qiymətləndirərək, ölkənin rəqəmsal hökumət sahəsində lider mövqeyə doğru irəlilədiyini bildirib.

Seçilən
26
azertag.az

1Mənbələr