Bakı, 22 dekabr, AZƏRTAC
Paytaxtın Nərimanov rayonunda yerləşən tibb müəssisələrinin birində oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək bank kartından 180 manatlıq alış-veriş edildiyini, həmçinin içərisində 300 manat olan pul kisəsinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Kərimov müəyyən edilərək saxlanılıb. Onun bir qadına məxsus içərisində 1500 manat, sənəd və bank kartları olan çantasını oğurlaması da məlum olub.
Binəqədi rayonu ərazisində isə obyektlərin birindən 800 manat, yarımtikilidən isə 1800 manat dəyərində kombi aparatı və su mühərrikinin talanması barədə ərazi polis orqanına məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Z.Paşayev və əvvələr narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş R.Talıbov müəyyən edilərək saxlanılıblar.
Paytaxtın Nəsimi rayonunda isə bir nəfərə məxsus avtomobil qaçırılıb. Zərərçəkən polisə müraciətində marketə daxil olmaq üçün avtomobilini saxladığını, qayıtdıqda isə nəqliyyat vasitəsinin orada olmadığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Z. Məmmədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.