AZ

“Vətən yolunda xidmət etmiş insanlar, müxalifət nümayəndələri və jurnalistlər də daxil edilsin” DEPUTAT

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Cənab Prezidentin 20 000 nəfərin əfv və amnistiya aktını Milli Məclisə təqdim etməsi Azərbaycan dövlətçiliyinin, humanist ruhunun və güclü ədalət-vicdan anlayışının parlaq təzahürüdür. Əfv və amnistiya zəifliyin deyil, gücün göstəricisidir. Güclü dövlət bağışlamağı bacaran dövlətdir. Bu təşəbbüs cəmiyyətə açıq mesaj verir: Azərbaycan dövləti insanı itirmir, onu yenidən qazanmağa çalışır”.

Gununsesi.info bildirib ki, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında bildirib:

“Xüsusilə vurğulamaq istəyirəm ki, bu aministiya çərçivəsində vətən qarşısında misilsiz xidmətləri olmuş insanların taleyinə xüsusi həssaslıqla yanaşılması son dərəcə vacibdir. Söhbət bir zamanlar silahı əlinə alaraq bu torpağı qoruyan, sağlamlığını, gənciliyini və ailə səadətini vətənə qurban vermiş insanlardan gedir.

Bu baxımdan, aşağıdakı təşkilatların və rəhbərlərinin vətən qarşısında xidmətləri nəzərə alınaraq Əfv Fərmanına salınması ilə bağlı müraciətin dəstəklənməsini xahiş edirəm:

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi

Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi

Beynəlxalq Əlil Döyüşçülər Fondu

Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

Qeyd edim ki, bu təşkilatlar və rəhbərləri hazırda istintaq altındadır. Ancaq bu insanlar dövlətin yükü deyil, dövlətin şərəfidir. Onlar bir vaxtlar dövlət üçün ayağa qalxıb, bu gün isə dövlətin mərhəmətinə ümid edirlər. Onların həyatında veriləcək bu qərar təkcə hüquqi nəticə yaratmayacaq, həm də ailələrə ümid, övladlara gələcəyə müsbət mesaj ötürəcəkdir.

Hər kəs səhv edə bilər, vacib olan dəyərlərdən biri səhvləri başa düşüb düzgün yola qayıtmaqdır. Əminəm ki, bu təşəbbüs Azərbaycan dövlətinin mərhəmət siyasətinin, sosial ədalət anlayışının və milli birliyin növbəti nümunəsi olacaqdır.

Möhtərəm Prezidentin bu təşəbbüsünü tam dəstəkləyir və onun əhatə dairəsinin vətən yolunda iz qoymuş insanlarımızı, o cümlədən müxalifət nümayəndələrini və jurnalistləri də daxil etməsini arzu edirik. Çünki Azərbaycan dövləti unutmayan, qiymət bilən və bağışlamağı bacaran dövlətdir”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
3
icma.az

4Mənbələr