Azərbaycan istehsalı olan premium benzin Ermənistanda litri 440 dram (təxminən 1,10 ABŞ dolları) qiymətinə satışa çıxarılacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan məlumat verib.
Onun sözlərinə görə, bu qiymət hazırda Ermənistan bazarında mövcud olan orta qiymətdən – 520 dramdan (1,30 dollar) xeyli ucuzdur. Şirkət tərəfindən ümumilikdə 600 tona yaxın benzin alınıb.
Erməni KİV-lərinin məlumatına görə, Azərbaycan istehsalı olan Aİ-95 markalı benzinin 1220 tonu Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana ixrac edilib. Yanacaq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunub. Göndərilən yük 22 dəmir yolu sisterninə bərabərdir.
Azərbaycandan idxal edilən benzin Ermənistanda Ran Oil yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.