AZ

İstədiyi mahnı çalınmadığı üçün gecə klubunu yandırmağa CƏHD ETDİ

Rusiyanın Primorye diyarında bir kişi xarici musiqinin səsləndirilməsindən imtina edildiyi üçün insanların olduğu klubu yandırmağa cəhd göstərib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Mixaylovski rayonunun əvvəllər məhkum olunmuş sakini azyaşlılar üçün diskoteka keçirilən vaxt kənd klubuna gəlib. O, aparıcıdan xarici musiqi səsləndirməyi tələb edib, lakin imtina cavabı aldıqdan sonra qadına hücum edib. Kişi aparıcını iki dəfə yumruqla vurduqdan sonra zorla klubdan çıxarılıb.

Bir müddət sonra həmin şəxs yanıcı maddə olan kanistrlə yenidən klubun qarşısına qayıdıb, giriş pilləkənlərini və qapını benzinlə isladıb. Yanacaq aparıcının paltarına da sıçrayıb. Qadın onu dayandırmağa çalışsa da, kişi alışqanı yandıraraq maddəni alovlandırıb və hadisə yerindən qaçıb.

Yanğın qısa müddətdə söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.

Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (silah qismində istifadə olunan əşyalarla xuliqanlıq) ilə mühakimə olunub. Məhkəmə yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alaraq ona 6 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası verib.

Nuriyyə NATİQQIZI

Seçilən
67
1
redaktor.az

2Mənbələr