Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampı İrana qarşı yeni hərbi zərbəni dəstəkləməyə inandırmaq məqsədilə genişmiqyaslı kəşfiyyat dosyesi hazırlayıb. Bu barədə “İsrael Hayom” nəşri məlumat yayıb. Bildirilir ki, dosyedə Tehranın nüvə və ballistik raket proqramlarını bərpa etmək istiqamətində davam edən cəhdləri, eləcə də bölgədəki proksi silahlı qrupları silahlandırmaq səyləri ətraflı şəkildə əks olunub. Qeyd olunur ki, İsrail tərəfi İranın fəaliyyətlərinin qarşısının alınmaması halında Yaxın Şərqdə yeni eskalasiya risklərinin yarana biləcəyini əsas arqument kimi önə çəkir.Bölgədəki gərginliyin yenidən artması müharibə vəd edirmi?
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkədə yenidən müharibə riski var və İsrail tərəfi konkret olaraq, Netanyahu hökuməti bunu istəyir: “Netanyahu hökumətinin ölkə daxilindəki durumu elədir ki, sakitlik ona yaxşı heç nə vəd etmir. Ona qarşı qaldırılan cinayət işləri, narazılıqlar, etirazlar hökuməti silkələyir və bu baxımdan müharibələr bir çarə kimi sanki hökumət tərəfindən istifadə olunur”.
Əli Mustafa
Əli Mustafa qeyd edib ki, İranın son vaxtlar güclənməsi, öz gücünü və hərbi potensialını bərpa etməsinə dair bilgilər var: “Artıq onun təxminən 40-dan çox təyyarəsinin olması, 4 minə qədər raket ehtiyatının yaranmasına dair iddialar var. Yeni raketlərinin təkmilləşdirilməsi və sair barədə mətbuata informasiyalar sızır. Eyni zamanda proksiləri də yenidən maliyyələşdirilməsi və silahlandırılmasına dair də İsraili narahat edən məqamlar var”.
Əli Mustafa hesab edir ki, bütün bunlar hamısı onu deməyə əsas verir ki, İsrail növbəti dəfə İranı vura bilər. Politoloqun fikrincə, bu dəfə İsrail bunu təkbaşına çətin edər, çünki bu dəfə İran yəqin ki, Rusiya və Çin tərəfindən daha ciddi şəkildə dəstəklənəcək, bu səbəbdən Amerikanın hansısa formada iştirakı olduqca vacibdir.
“Netanyahu bir neçə ssenari təqdim edib. Burada İsrailin Amerikasız təkbaşına hücumu, Amerikanın qismən dəstəyi ilə birgə hücum etməsi, paralel paritet hücumları və nəhayət Amerikanın özünü ayrıca hücum etməsi kimi ssenarilər var. Təbii ki, bu, Trampın verəcəyi qərardan sonra bilinəcək. Donald Trampın indi kifayət qədər ciddi problemləri var. Venesuela ilə məsələləri həll etməyib, eyni zamanda Çinlə də müəyyən gərginliklər müşahidə olunur. Digər tərəfdən Rusiya-Ukrayna savaşını dayandırmağa da cəhd edir. Belə bir kritik məqamda İsraillə köməkləşib müharibəyə qatılmaq, Amerika üçün çox da asan veriləcək qərar deyil. Amma bütün bunlara baxmayaraq, müharibə riski var. Bu zaman baxımından, müharibə ilə bağlı qərar tezliklə verilməyəcək. Bütün hallarda “həm İsrail tərəfi, həm də İran tərəfi növbəti qarşıdurmaya hazırlaşır” proqrnozunu verə bilərik”-deyə Əli Mustafa bildirib.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.